Azərbaycanda 2026-cı ilin ilk yarısında Aİ-92 markalı avtomobil benzini istehsalı artsa da, Aİ-95 istehsalı kəskin azalıb. Eyni dövrdə ölkənin premium sayılan 95 oktanlı benzin idxalı isə 93 min tona yaxınlaşıb.
Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 702,68 min ton Aİ-92 istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur. Aİ-95 istehsalı isə 46,6% azalaraq cəmi 4,06 min tona düşüb. Ötən ilin ilk altı ayında 7,6 min ton Aİ-95 istehsal edilmişdi.
Ölkə premium benzin ehtiyacını yenə də daha çox xaricdən almaqla qarşılayıb. 2026-cı ilin ilk altı ayında Azərbaycana oktan ədədi 95 olan 91,77 min ton mühərrik benzini idxal edilib. Bu, 2025-ci ilin eyni dövründəki 64,79 min tonla müqayisədə 41,6% artım deməkdir. Həmin məhsul üzrə idxalın dəyəri də 54,63 milyon dollardan 86,39 milyon dollara yüksəlib.
Eyni zamanda, Aİ-92 idxalı 83 min tondan 3,4 min tona qədər, yəni 95,9% azalıb. Super premium olan 98 oktanlı avtomobil benzinin idxalı isə 981,2 tondan 1,21 min tona yüksəlib.
Ümumilikdə, Azərbaycanın 2026-cı ilin ilk altı ayında benzin idxalı 96,4 min ton təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 148,8 min tonla müqayisədə 35,2% azdır.
Azərbaycanda “Caspian Bareel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Banker.az-ın bununla bağlı sorğusuna cavabında deyir ki, AI-95 istehsalının məhdud olması sırf texnoloji məsələlərlə bağlıdır.
“Hazırda Bakı Neft Emalı Zavodunda modernizasiya çərçivəsində AI-95 istehsalını planlaşdırılan səviyyəyə çatdırmaq mümkün deyil”- deyə, İlham Şaban bildirir.
Neft-qaz sektoru üzrə ekspert bildirir ki, məhz buna görə də cari ilin aprel ayında hökumət yeni neft emalı zavodunun tikintisi ilə bağlı qərar qəbul edib. “İqtisadiyyat naziri Mikayıl Cabbarov may ayında bu məsələni ilk dəfə ictimaiyyətə açıqlayaraq səhv etmirəmsə yeni zavodun 2030-cu ildə fəaliyyətə başlayacağını qeyd edib. Yeni zavodun istifadəyə verilməsi ilə bu problemin də həllini tapması gözlənilir”.
“Lakin burada əsas məsələ itirilmiş illərdir. 2015-ci ildə hökumət Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi. 2026-cı ildə isə görürük ki, 1953-cü ildə istismara verilmiş zavodu aparılan modernizasiya ilə müasir tələblərə tam uyğun vəziyyətə gətirmək mümkün deyil.
Bu vəziyyəti 1970-ci illərdə istehsal olunmuş QAZ-24 avtomobilinə böyük məbləğdə, məsələn, 50 min manat vəsait xərcləyərək onu müəyyən qədər yeniləməyə çalışmağa bənzətmək olar. Avtomobili müəyyən vəziyyətə gətirmək mümkündür, lakin əsas sual onun həmin vəziyyətdə nə qədər müddət qala biləcəyidir. Zavodun vəziyyəti də müəyyən mənada buna bənzəyir.” – deyə, İlham Şaban bildirir.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunda Azərtac və İTV-yə müsahibəsində bildirmişdi ki, Azərbaycanda son illərin ən böyük sənaye sərmayələrindən biri olacaq yeni neft emalı zavodunun tikintisi ilə bağlı qərar qəbul edilib. Onun sözlərinə görə, layihənin təxminən 5-6 il ərzində başa çatdırılması gözlənilir.
Yeni zavodun müasir sənaye və ekoloji standartlara uyğun qurulması, həmçinin ənənəvi neft məhsulları ilə yanaşı yeni nəsil neft-kimya məhsulları istehsal edə bilməsi nəzərdə tutulur. Layihə SOCAR tərəfindən dövlətin dəstəyi ilə həyata keçirilir və icrasına hökumət komissiyasının koordinasiyası ilə başlanılıb.







