29 C
Baku
Saturday, July 19, 2025

“Aİ-98 super” markalı benzin bahalaşdı

“Aİ-98 super” markalı benzinin bahalaşmasına münasibət bildirən SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır.

O ki qaldı Azərbaycanda satılan digər benzin markalarının qiymətinin dəyişib-dəyişməyəcəyinə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mənbəyə açıqlamasında bildirdi ki, benzinin qiyməti ilə bağlı sonuncu tənzimləmə iyul ayında aparılıb: “Tarif Şurasının 14 iyul tarixində keçirilmiş iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. Nəticədə “Aİ-92″ markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib”.

A.Əliyev qiyməti dövlət tərəfindən tənzimlənən avtomobil benzinin qiymətində dəyişikliyin gözlənilmədiyini bildirdi. Onun sözlərinə görə, bu barədə Tarif Şurasına müraciət daxil olmayıb.


SAAT 15:40

Azərbaycanda “Aİ-98 super” markalı benzin bahalaşıb.

Oxu.Az xəbər verir ki, “Super” markalı benzin hazırda 1,30 manata satılır. Artımadək bu markadan olan benzinin qiyməti 1,20 manat idi.

Qeyd edək ki, “Super” markalı benzin yalnız “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrində satılır. Bir müddət əvvəl bu benzinin satışı dayandırılmışdı. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsi idi.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Ölkəyə “Super Euro-98” markalı benzin, əsasən, Bolqarıstan, Rusiya, Rumıniya və Belarusdan idxal olunur.

Son xəbərlər
Digər xəbərlər