16 C
Baku
Monday, November 24, 2025

Aİ Çinlə rəqabət aparmaq üçün investisiya qaydalarını sərtləşdirir

Avropa Komissiyası Çin şirkətlərinin yerli sakinlər üçün iş yerləri yaratmadan və texnologiya ötürmədən Aİ-nin açıq bazarından istifadə etməsinin qarşısını almaq məqsədilə xarici investisiyalara nəzarət qaydalarını sərtləşdirməyi planlaşdırır.

Hazırda müzakirə olunan yeni qaydalar gələn ay Avropa Komissiya tərəfindən təqdim olunacaq paketə daxil ediləcək. Bu tədbirlər Avropanın zəifləyən sənaye bazasını dəstəkləməyə və iqtisadi artımı təşviq etməyə yönəlib.

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər nəticəsində Aİ-yə axan ucuz Çin mallarının həcminin artması Avropanın enerji qiymətlərinin yüksəkliyi və ciddi ekoloji tələblər ilə üzləşən polad və kimya sənayesi də daxil olmaqla bir çox sektorlarına təzyiq göstərir.

Avropada Çin sənaye layihələrinin çoxalması Pekinin Avropanı öz yüksək texnologiyalı istehsalından asılı vəziyyətə salmaq niyyətində olduğu ilə bağlı narahatlıqları artırır. Bəzi ekspertlər bunu Çin Xalq Respublikasının Sədri Si Cinpinin geosiyasi strategiyasının bir hissəsi hesab edir. Bundan əlavə, ehtimal olunur ki, Çin şirkətləri Aİ-nin gələcəkdə tətbiq edə biləcəyi rüsumlardan yayınmaq üçün bu yolu seçirlər.

Aİ-nin sənaye üzrə komissarı Stefan Sejourne “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, yeni meyarlar xarici investisiyaların yalnız komponent istehsalına deyil, bütün Avropa istehsal-zəncirinin fəaliyyətinə töhfə verməsini təmin etməlidir.

Sejourne uzun müddətdir ki, yerli istehsal tələblərini və “Avropada istehsal olunub” konsepsiyasını dəstəkləyir. O qeyd edib ki, yenilənmiş qaydalar ehtimal ki, yerli işçilərin işə qəbulu və texnologiya transferi ilə bağlı tələbləri də əhatə edəcək, xüsusilə də akkumulyator istehsalı kimi sahələrdə.

“Bu qaydalar Avropanın iqtisadi artımına xidmət etməlidir, təkcə Avropa bazarına giriş nöqtəsi kimi deyil”, — deyə Sejourne bildirib.

Komissar həmçinin qeyd edib ki, onun reindustrializasiya yanaşması Trampın mövqeyi ilə oxşardır, lakin Aİ tariflərdən yox, xarici investisiyaların tənzimlənməsi kimi digər alətlərdən istifadə edəcək.

Sejourne Çin investisiyalarına məhdudiyyət qoyulub-qoyulmayacağı sualına cavab olaraq bildirib ki, qanunvericilikdə Çin birbaşa qeyd olunmayacaq, lakin bu ölkədən gələn sərmayələrin böyük olması səbəbindən diqqət əsasən Çin şirkətlərinə yönələcək.

Aİ Komissiyasının məlumatına görə, 2024-cü ildə Çindən Aİ-yə birbaşa investisiyaların həcmi əvvəlki illə müqayisədə 80% artaraq 9,4 milyard avroya çatıb.

Xüsusi diqqət qabaqcıl texnologiyalı akkumulyator istehsalçısı olan Çin şirkəti CATL-a yönəlib. Şirkət artıq Almaniyada zavod açıb və Macarıstan və İspaniyada müvafiq olaraq 7 və 4 milyard avro dəyərində zavodlar tikməyi planlaşdırır. Yanvarda CATL Pentaqonun “qara siyahısı”na salınıb, guya şirkət Çin ordusu ilə əlaqəlidir, lakin CATL bunu təkzib edir.

Şirkət “Stellantis” ilə birgə İspaniyada zavod tikintisi çərçivəsində 2000 çinli işçi gətirməyi planlaşdırır. Ümumilikdə zavodda 3000 nəfər işləyəcək, əksəriyyəti ispanlar olacaq. Lakin həmkarlar ittifaqları Çin şirkətinin əsas texnologiyaları paylaşmaqda istəksiz olacağından narahatdır.

İspaniya hökumətinin nümayəndəsi Aİ-nin sərtləşdirilmiş investisiya qaydalarını dəstəklədiyini təsdiqləyib və bunun Avropanın iqtisadi təhlükəsizliyini və dayanıqlığını artıracağını, həmçinin xarici investisiyalar hesabına iş yerləri və texnoloji dəyər yaradacağını qeyd edib.

Çin şirkətləri Almaniya, İspaniya və Şimali Avropa ölkələrində hidrogen layihələrinə də aktiv şəkildə sərmayə qoyurlar. Lakin bu sektorda iştirak dərəcəsini müəyyənləşdirmək çətin olduğu üçün şirkətlərin rolunu izləmək asan deyil.

“Hydrogen Europe” təşkilatının rəhbəri Loran Donsel qeyd edib ki, hazırkı qaydalar — Aİ-dən maliyyə alan şirkətlər üçün elektrolizator komponentlərinin Çin istehsalından 25%-dən çox olmaması tələbi — asanlıqla yan keçilə bilər.

Sejourne “yerli istehsal” anlayışının gömrük kodları əsasında müəyyən edilməsini təklif edib.

Mərkəzi Avropa Asiya Araşdırmaları İnstitutunun baş iqtisadçısı Martin Şeben bildirib ki, qaydaların sərtləşdirilməsi xüsusən Cənub, Mərkəzi və Şərqi Avropada xarici investisiyaların cəlb edilməsi uğrunda Avropa ölkələri arasındakı rəqabəti azalda bilər.

Elektrikli avtomobillər sahəsində yeni qaydalar Yaponiya və Cənubi Koreya şirkətlərinə də təsir edəcək. Lakin Aİ nümayəndəsi bildirib ki, bu ölkələrin şirkətləri yeni tələblərə daha çox uyğunlaşa biləcək.

Plan 10 dekabrda təqdim ediləcək və ona dəyişikliklər edilə bilər. Çin Xarici İşlər Nazirliyi məsələni hələlik şərh etməyib.

Son xəbərlər
Digər xəbərlər