Avropa İttifaqı Şurasının qərarına əsasən, fevralın 1-dən etibarən Aİ Rusiya nefti üçün qiymət tavanını aşağı salacaq. Yeni limit bir barel üçün 44,1 dollar təşkil edəcək.
Qərb ölkələri Rusiyadan neftə maksimum qiymət tətbiq edilməsi barədə qərarı Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra qəbul ediblər. Həmin il qiymət tavanı 60 dollar səviyyəsində müəyyən edilib, 2025-ci ildə isə bu hədd 47,6 dollara endirilib. Rusiya buna cavab olaraq qarşılıqlı tədbirlər görüb: müəyyən edilmiş qiymət tavanı ilə neft tədarükünə qadağa qüvvədədir. Ötən ilin dekabr ayının ortalarında Rusiya prezidenti bu qadağanın müddətini 30 iyun tarixinədək uzadıb.
Ötən ilin sonlarında Rusiyadan dəniz yolu ilə neft ixracı noyabr ayındakı geriləmədən sonra sürətlənib, lakin yenə də sentyabr–oktyabr aylarının səviyyəsindən aşağı olub. Analitiklər 2026-cı ildə çətin hava şəraiti və neftin tankerlərdə yığılması səbəbindən əlavə korrektivlərin baş verəcəyini gözləyirlər. Tədarükləri daha da çətinləşdirə biləcək amil kimi “kölgə donanması” vasitəsilə xammalın daşınma xərclərinin artması da qeyd olunur.






