17 C
Baku
Thursday, October 16, 2025

Aİ filtrli siqaretlərin satışını qadağan edir

Avropa İttifaqı (Aİ) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqat qrupunun hesabatını araşdırdıqdan sonra filtrli siqaretlərin satışını qadağan etməyi planlaşdırır, “Bild” yazır. Müvafiq təklif noyabr ayında Cenevrədə keçiriləcək ÜST konfransında müzakirə olunacaq.

Aİ Şurasının ÜST iclası üçün hazırladığı qərar layihəsində bildirilir ki, təşkilatın “tütün məmulatlarının tənzimlənməsi” ilə bağlı hesabatında “siqaretlərin cəlbediciliyini azaltmaq üçün filtrlərin qadağan edilməsi açıq şəkildə tövsiyə olunur”.

Nəşrin məlumatına görə, Aİ Şurası ÜST-ün bu tövsiyəsinə qoşulmaq qərarını verib.

“Filtrli siqaretlərin istehsalının, idxalının, paylanmasının və satışının qadağan edilməsi tütünə qarşı mübarizəyə mühüm töhfə verəcək”, – mesajda deyilir.

Şurada hesab edirlər ki, elektron siqaretlərin qadağan edilməsi də “əlavə tənzimləmə variantı” ola bilər.

Tövsiyələr Aİ-də tütün dövriyyəsinin gələcək tənzimlənməsi üçün ciddi nəticələr doğura və “Tütün məmulatları haqqında direktivin” yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Almaniyada siqaretlərin 95%-i filtrlidir, bu da qadağanın faktiki olaraq siqaretlərin tam qadağan edilməsinə bərabər olacağını göstərir, “Bild” yazır.

İyulun əvvəlində ÜST bütün ölkələri 2035-ci ilə qədər alkoqol, siqaret və şəkərli qazlı içkilərin qiymətlərini azı 50% artırmağa çağırmışdı. Bu, əhalinin sağlamlığına mənfi təsir edən məhsullara tətbiq edilən “sağlamlıq vergiləri” hesabına həyata keçirilməlidir.

ÜST ekspertlərinin fikrincə, belə tədbir xroniki xəstəliklərin yayılmasının qarşısını alacaq və dövlətlərə büdcəyə əlavə gəlir gətirəcək. Bu təşəbbüs “35-ə 3” adlanır və onun məqsədi on il ərzində 1 trilyon dollar toplamaqdır.

ÜST qeyd edib ki, 2012–2022-ci illər arasında 140-a yaxın ölkə tütünə aksizləri artırıb və nəticədə real qiymətlər orta hesabla 50%-dən çox yüksəlib.

Son xəbərlər
Digər xəbərlər