Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya, Fransa) ardınca İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar verib. Buraya fiziki şəxslərə qarşı məhdudiyyətlər, ticarət, maliyyə və nəqliyyat sektorlarına tətbiq olunan sanksiyalar daxildir.
Aİ Şurasının bəyanatında qeyd olunur ki, sanksiyalar İrana silah ixracını, uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətə töhfə verə biləcək hər hansı əşyaların, materialların, malların və texnologiyaların ötürülməsini qadağan edir. Bundan əlavə, İslam Respublikasına energetika sektoru üçün avadanlıqların satışı, qızıl və digər qiymətli metalların tədarükü də qadağan olunur. Aİ həmçinin İran Mərkəzi Bankının və iri kommersiya kredit təşkilatlarının aktivlərini yenidən dondurur.
Sentyabrın 28-də BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları “Avropa üçlüyü”nün təşəbbüsü ilə bərpa edilib. Rusiya və Çin “snapback” mexanizminin tətbiqinə qarşı çıxıb, lakin bu qərarın təxirə salınması ilə bağlı onların qətnaməsi dəstək qazanmayıb. İran sanksiyaların bərpasına “qəti cavab” verəcəyini bildirib.
“Snapback” mexanizmi 2015-ci ildə Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa və ABŞ-nin iştirakı ilə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulmuşdu. “Avropa üçlüyü” sanksiyaların bərpasını İranın sazişin şərtlərinə əməl etməməsi ilə izah edib.