26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Aİ Malinin Baş nazirinə sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Şurası hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Mali keçid hökumətinin 5 rəsmisinə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Məlumata görə, xüsusən Baş nazir Şoqel Kokalla Mayqa sanksiyalara məruz qalıb.

Şuranın rəsmi məlumatında deyilir ki, onlar Malidə siyasi keçid prosesinin uğurla həyata keçirilməsinə mane olan və sarsıdan hərəkətlərə görə sanksiyaya məruz qalıblar.

Sanksiyaların tətbiq edildiyi şəxslərin hamısının Aİ ərazisinə daxil olması və ya tranzit keçidi qadağan edilib, onların Aİ-dəki hesabları dondurulacaq. Bununla yanaşı, Aİ vətəndaşları və şirkətlərinin onlara birbaşa və ya dolayı yolla vəsait ayırması qadağan edilib.

“Aİ Saxel xalqını dəstəkləməyə davam edir və Malidə qanunun aliliyinə, insan hüquqlarına və beynəlxalq humanitar hüquqa ciddi riayət olunmasına tam sadiqliyini bir daha bəyan edir”, – Aİ Şurası bildirib.

Xatırladaq ki, Malidə çevriliş 24 may 2021-ci ildə baş verib, Avropa Şurası bu hadisəni kəskin şəkildə pisləyib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər