13 C
Baku
Saturday, November 23, 2024

Aİ miqrantlar üçün Avropa Sığınacaq Agentliyi yaradacaq

Avropa İttifaqı Şurası Avropa Sığınacaq Agentliyinin yaradılması qərarını təsdiqləyib.

Şuranın bəyanatında bildirilir ki, yeni agentlik mövcud Avropa Sığınacaq Bürosunun bazasında yaradılacaq, onun məqsədi Avropa sığınacaq sistemini təkmilləşdirmək və həm birliyə üzv dövlətlərlə, həm də üçüncü dövlətlərlə qarşılıqlı əlaqəni gücləndirməkdir. Agentlik Aİ-nin Miqrasiya üzrə yeni Avropa Paktı üzrə razılaşması çərçivəsində yaradılır. 2020-ci ilin sonunda Aİ yeni Miqrasiya Paktı müzakirə etməyə başladı. Hələlik Aİ ölkələri tərəfindən razılaşdırılmalı olan sənəd Avropa İttifaqının xarici sərhədlərində miqrasiya nəzarətini gücləndirməyi, sığınacaq üçün müraciətlərə baxılmasını sürətləndirməyi təklif edir. Layihə həm də miqrantların qəbulu və geri qaytarılması üçün Aİ-yə üzv olan dövlətlərin ümumi məsuliyyətini nəzərdə tutur ki, bu da ən çox miqrant axını ilə üzləşən Yunanıstan, İtaliya və Malta kimi ölkələrə təzyiqi azaltmalıdır.

Təklifdə bildirilir ki, dövlətlər həm Aİ ölkələrindən birinə gəlmiş qaçqınları qəbul edə, həm də Avropa İttifaqının ərazisində qalmaq hüququ almamış şəxslərin ölkədən çıxarılması ilə bağlı öhdəliklər, o cümlədən maliyyə öhdəlikləri götürə bilərlər. Bundan əvvəl Avropa İttifaqının yaxın 7 il ərzində miqrasiya sahəsində vahid siyasətin həyata keçirilməsi üçün təxminən 10 milyard avro ayıracağı bildirilirdi. Polşa, Litva və Latviyanın Belarusla sərhədlərində böhranla əlaqədar son vaxtlar artan miqrasiya təzyiqi fonunda Aİ miqrasiya və sığınacaq üzrə ümumi Avropa paktının razılaşdırılmasında mümkün qədər tez irəliləyiş əldə etməyin zəruriliyi barədə danışmağa başlayıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər