12 C
Baku
Monday, April 15, 2024

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı özünü qismən təqsirli bilib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün Nümayəndəliyin rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü ələ edib.

Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

Belə ki, o, 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bonkamatlarından çıxartmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra ittihama münasibət bildirən Z.Abbasova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib.

Bundan sonra hakim tərəflərdən məhkəmə istintaqının aparılması qaydasını soruşub. Prokuror məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, daha sonra isə şahidlərin dindirilməsi qaydası ilə aparılmasını təklif edib.

Təqsirləndirilən şəxs söyləyib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə ifadə verə bilməyəcək.

Onun vəkili isə bildirib ki, müvəkkili səhhətində yaranana problemlərlə bağlı xəstəxanada müalicə alıb, mayın 8-dən isə ambulator müalicə almaq üçün evə buraxılıb.

Vəkilin sözlərinə görə, Z.Abbasova hazırda ev şəraitində müalicəsini davam etdirir: “Zərifə Abbasova indiki vaxtda ifadə verməyə hazır deyil. Onun müalicəsini davam etdirilməsi üçün, həm də ifadə verməyə hazırlaşmaq üçün iki həftə vaxt verməyinizi xahiş edirik”.

Hakim vəkilin bu istəyini nəzərə alıb.

Bu səbəbdən növbəti məhkəmə iclası iyunun 1-nə təyin olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər