Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.
Bu barədə T.Klaar tviterdə yazıb.
“İnsan tələfatı ilə nəticələnən insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda təcili irəliləyişin vacibliyini vurğulayır”, – deyə o bildirib.
T.Klaar, həmçinin qeyd edib ki, o, artıq Bakıdadır və Münhen görüşlərindən sonra sülh prosesinin irəliləyişini təmin etmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlərə ümid edir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfi növbəti dəfə təxribat törədib.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.