Avropa İttifaqının enerji resurslarının idxal xərcləri Yaxın Şərqdə davam edən münaqişənin 44 günü ərzində 22 milyard avro artıb. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
“Davam edən Hörmüz boğazı blokadası böyük ziyan vurur. Gəmiçiliyin azadlığının bərpası bizim üçün əsas prioritetdir”, — deyə o bildirib. O əlavə edib ki, xərclər artsa da, idxalın fiziki həcmi “bir molekul belə artmayıb”.
Ursula fon der Leyen növbəti həftə Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili tədbirlərin təqdim ediləcəyini vəd edib. Xüsusilə, Avropa Komissiyası qiymətləri azaltmaq üçün neft ehtiyatlarından istifadə təşəbbüsü ilə çıxış edəcək.
Hörmüz boğazı vasitəsilə neft və mayeləşdirilmiş təbii qazın daşınmasında yaranan problemlər ABŞ və Avropada yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub. 12 aprel tarixində ABŞ prezidenti Donald Tramp İranla uğursuz danışıqlardan sonra ABŞ qüvvələri tərəfindən Hörmüz boğazının blokadasını elan edib. Blokada 13 aprel Bakı vaxtı ilə saat 18:00-dan qüvvəyə minəcək. Bu xəbərlərdən sonra Brent markalı neftin fyuçersləri 6 dollardan çox (7%-dən artıq) artaraq 101 dollar/barel səviyyəsini keçib.






