10 C
Baku
Thursday, December 12, 2024

“Aİ ölkələri Azərbaycanın əsas kapitalına 20 mlrd. avro yatırıb”

“Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq şəraitində əlaqələrini genişləndirir”. Bunu bu gün Bakıda Avropa İttifaqının (Aİ) Tvininq layihəsinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Avropa İttifaqı ilə münasibətlərimiz çox inkişaf edib. Ötən il Avropa İttifaqının Azərbaycan ümumi ticarət dövriyyəsində payı 32% idisə, 2017-ci ilin iki ayının yekunlarına əsasən bu göstərici 42%-ə çatıb. Avropa ölkələri Azərbaycanın əsas investorlarıdır. İttifaq ölkələri Azərbaycanın əsas kapitalına 20 milyard avro, qeyri-neft sektoruna isə 3 milyard avro investisiya yatırıb. Ümumilikdə müxtəlif proqram və layihələr çərçivəsində Avropa İttifaqı Azərbaycana 1992-ci ildən indiyə qədər 582 mln. avro yardım göstərib. Kənd təsərrüfatı emalı məhsullarının ixracı bu ilin iki ayında ötən ilin analoji dövrü ilə müqayisədə 40% artıb”.

Enerji sektorunda əməkdaşlığa toxunan S. Babayev qeyd edib ki, Azərbaycanın neft-qaz resurslarının Avropa bazarlarına çatdırılması olduqca önəmlidir: “Ümid edirəm ki, tərəflər arasında Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP layihələri istiqamətində əməkdaşlıq daha da genişlənəcək”.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Tvinninq layihəsi Azərbaycanda institusional imkanların artırılması baxımından çox önəmlidir: “2008-ci ilin sonundan etibarən 45 layihə təsdiq olunub və icra edilib. Azərbaycan Tvinninq alətinin istifadəsində liderdir. Biz bir sıra sahələrdə sıx əməkdaşlıq etmişik və bu əməkdaşlıq geniş portfeli əhatə edir. Layihələrin icrası ilə avropalı mütəxəssislər azərbaycanlı həmkarları ilə olduqca vacib təcrübəni bölüşüblər. Təcrübənin bölüşülməsi çox önəmlidir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər