Avropa İttifaqına (Aİ) üzv dövlətlər minimum əməkhaqqının layiqli həyat səviyyəsini təmin edəcək səviyyəyə qaldırılması ilə bağlı hazırlanmış qanunu təsdiqləyib. Bu qanunla minimum əməkhaqqının adekvatlıq səviyyəsi ilə bağlı prosedurlar müəyyən ediləcək. Minimum əməkhaqqının müəyyən edilməsi üzv dövlətlərin səlahiyyətində qalmağa davam edəcək.
Banker.az Anadolu Ajansına istinadən xəbər verir ki, minimum əmək haqqı olan ölkələr bu maaşları aydın meyarlara uyğun təyin etməli və yeniləməli olacaqlar. Qeyd olunur ki, minimal əməkhaqqı işçilərin insani şəraitdə yaşaması üçün yetərli olmasını təmin etməlidir.
Bu əməkhaqqının məbləği ən azı iki ildən bir yenilənməlidir, avtomatik indeksləşdirmə mexanizmini tətbiq edən ölkələr isə hər 4 ildən gec olmayaraq yeniləmələri edəcək.
Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiq edilən yeni qaydalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra 2 illik keçid dövrünü keçəcək, daha sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Aİ-yə üzv olan 27 ölkədən 21-də minimum əməkhaqqı var.