Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı öz banklarının kiber hücumlardan nə dərəcədə qorunduğunu yoxlamaq və ittifaqa daxil olan bütün ölkələr ərazisində stress-testlər keçirmək qərarına gəlib.
Avropanın bu sahə üzrə stress-testlərə cavabdeh olan Bank nəzarəti xidməti (European Banking Authority, EBA) bu ilin yayında maliyyə təşkilatlarında yoxlamalar ilə bağlı planını təqdim edəcək. Şöbə kiber təhlükəsizlik məsələlərini diqqətlə izləyir, lakin hər hansı bir tədbirin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməyib. Xidmət rəhbəri Aİ ölkələrini öz banklarını riskləri müəyyən etmək üçün yoxlamağa çağırıb.
2016-cı ildə Avropa Mərkəzi bankı avrozonada kommersiya banklarında kibercinayət hallarının qeydə alınması üçün məlumat bazasının yaradılması barədə niyyətini dilə gətirmişdi.
Qeyd edək ki, keçən ilin fevral ayında kibercinayətkarlar Banqladeş Mərkəzi bankından təqribən 100 milyon dollar oğurlamağa nail oldu. Bu hadisədən sonra, qlobal tənzimləyicilər bankların təhlükəsizliyi qaydalarını sərtləşdirsələr də, kiberhücumlar artmağa davam edir. Noyabr ayında isə cinayətkarlar Britaniyanın Tesco Bank bankında 20 min müştərinin hesabından pul oğurlamışdı.