14 C
Baku
Friday, November 22, 2024

Aİ qazın qiymətlərinə maksimum məhdudiyyəti növbəti ildə də davam etdirəcək

Dekabrın 19-da keçirilən Avropa İttifaqı (Aİ) ölkələri enerji nazirlərinin görüşündə enerji qiymətlərində mümkün şoklardan qorunmaq üçün qazın qiymətləri ilə bağlı fövqəladə məhdudiyyəti daha 12 ay uzatmaq barədə razılıq əldə olunub.

Aİ ilk dəfə 2022-ci ilin dekabrında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropaya qaz tədarükünün kəsilməsi ilə bağlı enerji böhranı yaradan yüksək qiymətlər fonunda belə qərar qəbul edib.

Görüşdə bildirilib ki, bu gün Avropanın enerji təhlükəsizliyinin vəziyyəti ötən qışla müqayisədə daha rahatdır – enerji qiymətləri xeyli aşağıdır, ölkələr qeyri-Rusiya qazının yeni mənbələrini təmin ediblər və qaz anbarları dolmaq üzrədir. Aİ-nin enerji komissarı Kadri Simson bildirib: “Qışın nisbətən yaxşı başlamasına baxmayaraq, geosiyasi vəziyyət çox kövrək olaraq qalır. Bu fövqəladə tədbirlər istehlakçılarımızı həddindən artıq yüksək enerji qiymətlərindən qorumağa kömək edir”.

Əslində, qiymət həddi 2024-cü ilin fevralında başa çatmalı idi, amma bu razılaşmadan sonra həmin məhdudiyyət 2025-ci ilin yanvar ayının sonuna qədər qüvvədə olacaq.

Aİ ölkələri daha iki enerji böhranı tədbirinin 12 ay müddətinə uzadılması barədə razılığa gəliblər. Onlardan biri ölkələrə Rusiya qazını təmiz enerji ilə əvəz etməyə kömək etmək məqsədilə bərpa olunan enerji layihələri üçün daha sürətli icazələr təklif edir, digəri isə böhran zamanı ölkələr arasında qaz paylaşmasını təmin etmək üçün qaydalar müəyyənləşdirir.

Çexiyanın sənaye naziri Cozef Síkela bildirib ki, Aİ-nin keçənilki enerji böhranına reaksiyası, xüsusən tədarük mənbələrinin artırılması üzrə görülən tədbirlər Rusiyadan qaz asılılığını aradan qaldırıb.

Rusiyanın enerji nəhəngi “Qazprom” bu il Avropaya 27 milyard kubmetr qaz nəql edib ki, bu da 2018-ci ildə – tədarüklərin pik həddə olduğu vaxtda olan 180 milyard kubmetrdən dəfələrlə azdır.

Aİ-nin qazın qiymətinin yuxarı həddi planı heç vaxt işə düşməyib. Bu tədbir enerji qiymətinin hər meqavat-saat üçün 180 avrodan yuxarı olacağı təqdirdə reallaşa bilər.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər