Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanması çərçivəsində Brüssel Rusiya neftinin qiymət həddinin indiki 60 dollar/bareldən 45 dollara endirilməsini müzakirə edir. Bu barədə “Financial Times”a sənədin müzakirələri ilə tanış olan mənbələr bildirib.
Təşəbbüs hələlik blokun bütün 27 ölkəsindən və G7 tərəfdaşlarından lazımi təsdiqi almayıb. Keçən həftə Kanadada keçirilən G7-nin maliyyə nazirlərinin görüşündə Kanada rəsmiləri yekun bəyanata qiymət endirimlərinin daxil edilməsini təklif ediblər. Mənbələr bildiriblər ki, ideya Aİ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya tərəfindən dəstəklənsə də, ABŞ-nin maliyyə naziri Skott Bessentin tələbi ilə yekun mətnə daxil edilməyib.
Eyni zamanda qeyd edilir ki, əvvəllər Rusiya neftinin qiymət tavanına şübhə ilə yanaşan bəzi Aİ ölkələri hələ də bu təşəbbüsü nəzərdən keçirirlər. Onların arasında “FT” mənbələri Yunanıstan və Macarıstanın adını çəkirlər.
Bu niyə vacibdir?
Geosiyasi qeyri-sabitlik fonunda mart ayında Rusiyanın neft gəlirləri illik müqayisədə 15%, apreldə isə “Urals” markalı neftin qiyməti 50 dollardan aşağı düşüb. Hazırda bir barel üçün qiymət tavanı 60 dollar səviyyəsində müəyyən edilib.