Avropa Parlamentinin Sənaye və Energetika Komitəsi səs çoxluğu ilə Rusiya qazı, neft və neft məhsullarının idxalına mərhələli tam qadağa tətbiq edilməsi təklifini dəstəkləyib. Sessiya Avropa Parlamentinin saytında yayımlanıb.
Təklif qəbul edildiyi halda yeni müqavilələrin bağlanması ilə Rusiya qazının tədarükü 2026-cı ilin əvvəlindən qadağan ediləcək. Mövcud qısamüddətli müqavilələr 2026-cı ilin ortalarına qədər (iyunun ortasına qədər) yerinə yetiriləcək, uzunmüddətli müqavilələr isə 2027-ci ilin 1 yanvarına qədər qüvvədə qalacaq.
Bu, qərarın razılaşdırılması prosesində ilk addımdır. İndi sənəd üçtərəfli danışıqlar — Avropa Parlamenti, Aİ Şurası və Avropa Komissiyası arasında vahid mövqeyin formalaşdırılması üçün göndəriləcək. Danışıqlar başa çatan kimi qanun layihəsi plenar iclasa təqdim olunacaq və Aİ Şurasının təsdiqini tələb edəcək.
19 sentyabrda Avropa Komissiyası 19-cu sanksiyalar paketinin layihəsini təqdim edib. Paket 2027-ci ilin yanvarından etibarən Rusiya mənşəli mayelaşdırılmış təbii qazın (LNG) idxalına qadağa və üçüncü ölkələrdə fəaliyyət göstərən neft şirkətləri ilə neft emalı zavodlarına qarşı məhdudiyyətləri nəzərdə tutur. Avropa Komissiyasının rəhbəri Ursula fon der Layenin sözlərinə görə, Aİ Çin və Hindistanda fəaliyyət göstərən neft ticarətçiləri ilə neft-kimya şirkətlərinə təsiri genişləndirməyi planlaşdırır.
9 oktyabrda Aİ ölkələri ilkin razılaşmaya gəlmişdi ki, Rusiya mənşəli mayelaşdırılmış təbii qazın (LNG) idxalına qadağa tətbiq edilsin. Həmin müzakirələr zamanı Macarıstan nümayəndəsi məsələyə etiraz etməyib, lakin Slovakiya səfiri Rusiya əleyhinə sanksiyaların tətbiqinə qarşı çıxıb. O, bunun səbəbini Aİ-nin iqlim siyasətinin Slovakiyanın avtomobil sənayesinə zərər vuracağı ilə izah edib.