Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiyaya məxsus dondurulmuş aktivlərdən Ukraynaya yardım üçün istifadə olunub-olunmaması ilə bağlı qərarın qəbulunu dekabr ayına qədər təxirə salıblar.
“Bloomberg” agentliyinin həmsöhbətlərinin sözlərinə görə, bu qərar Belçikanın 140 mlrd avro məbləğində kreditlərlə bağlı risklərə görə məsuliyyət daşımayacağına dair daha ciddi təminatlar tələb etməsindən sonra qəbul edilib.
Bu səbəbdən avropalı liderlər məsələ ilə bağlı həll variantlarını hazırlaması üçün Avropa Komissiyasına tapşırıq veriblər və onların növbəti sammitdə təqdim olunmasını istəyiblər.
23 oktyabr tarixində “Politico” yazmışdı ki, Belçikanın Baş naziri Bart de Vefer Ukraynanı dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə təşəbbüsünün əleyhinə çıxıb. İki avropalı diplomatın sözlərinə görə, Belçikanın Baş naziri qapalı danışıqlarda “sərt və barışmaz mövqe” nümayiş etdirib və faktiki olaraq müzakirəni bloklayıb.
“Politico”nun məlumatına əsasən, Aİ ölkələri 21 oktyabrda Rusiya aktivlərindən Ukraynaya “reparasiya krediti” verilməsi mexanizmini ilkin olaraq razılaşdırıb. Həmin vaxt Belçika tərəfi layihəyə mane olmayacağına dair təminat verib.








