Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 80 milyon avro ayıracaq. Bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib.
Kallas əlavə edib ki, Rusiyaya qarşı 20-ci sanksiyalar paketi artıq hazırdır. “Bu müharibəyə son qoymaq üçün Moskva ilə mübarizə aparmaq lazımdır, ona güzəştə getmək yox. Sanksiyaları zəiflətmək yox, daha da sərtləşdirmək lazımdır. 20-ci sanksiyalar paketi artıq hazırdır və biz xüsusilə Rusiyanın kölgə donanması ətrafında halqanı daha da daraldacağıq”, — deyə o, Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, ittifaq qarşıdakı qış ərəfəsində Ukraynanın generatorlar və zəruri avadanlıqlarla təmin edilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməyə davam edir. O, həmçinin ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini vurğulayıb.







