Avropa İttifaqı Avropa Komissiyasının Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə daha əvvəl daxil etməyi təklif etdiyi bəzi məhdudiyyətləri yumşaldacaq. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, Aİ qadağan olunmuş yükləri daşıyan gəmilərin Avropa limanlarına girişinin qadağan edilməsi təklifindən qismən geri çəkilə bilər.
“Bloomberg” qeyd edir ki, 11-ci paketdə təklif olunan sanksiyalar diplomatlar arasında davamlı danışıqlar zamanı zəiflədilib. Agentlik mənbələri bildirirlər ki, Almaniya da daxil olmaqla bir neçə Aİ üzvü ölkələrin sanksiyalar siyahısına daxil edilməsindən narahatdırlar və ilk növbədə şirkətləri siyahıya salmağa üstünlük verirlər.
Eyni zamanda Yunanıstan və Macarıstanın tələbləri ilə bağlı müzakirələr davam edir. Afina və Budapeşt öz şirkətlərini Ukraynanın “müharibə sponsorları” siyahısından çıxarmağa çalışır. Bu siyahıya beş Yunan gəmi şirkəti və Macarıstanın “OTP Bankı” daxildir.
Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketində məhdudiyyətlərdən yayınma ilə məşğul olmaq niyyətindədir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qeyd edir ki, sanksiyaları pozmaqda şübhəli bilinən müxtəlif ölkələrdən 90-dan çox şirkət sanksiyalara məruz qala bilər.