Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Razılaşdırılmış paket Rusiyaya təzyiqi artırmağa yönəlmiş bir sıra tədbirləri ehtiva edir.
Altıncı sanksiyalar paketinə aşağıdakılar daxil olub:
- Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının alınması, idxalı və ya daşınmasının qadağan edilməsi;
- Üç Rusiya bankının SWIFT sistemindən ayrılması: “Sberbank”, “Moskva Kredit Bank” və “Rosselxozbank”;
- Üç Rusiya KİV-nin yayımına qadağa: “Rusiya 24”, “RTR Planeta” və “TV-Tsentr”;
- Rusiyaya kimyəvi maddələrin (“kimyəvi silah istehsal etmək üçün istifadə edilə bilən 80 kimyəvi maddə”) və yüksək texnologiyalı malların idxalına qadağa;
- Rusiyaya mühasibatlıq, ictimaiyyətlə əlaqələr və konsaltinq xidmətləri, həmçinin bulud xidmətlərinin göstərilməsi qadağası;
- Şəxsi sanksiya siyahıları (Rusiya və Belarusun hüquqi şəxsləri daxildir).
Bir sıra Rusiya telekanallarının Aİ-də yayımına qadağa qoyulmasına baxmayaraq, onların əməkdaşları işlərinə davam edə biləcəklər.