Avropa İttifaqı (Aİ) Şurası Krım və Sevastopolun qanunsuz ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyaların müddətini bir il də artırıb.
Sanksiyaların müddəti 2022-ci il iyunun 23-dək uzadılıb.
Hazırda tətbiq olunan sanksiyalar Krım və ya Sevastopolda istehsal olunan məhsulların Aİ-yə idxalını, həmin ərazilərdəki infrastrukturunu, maliyyə investisiyalarını və turizm xidmətlərini əhatə edir.
Nəqliyyat, telekommunikasiya və enerji sektorlarında, neft, qaz və mineral ehtiyatların axtarışı, kəşfiyyatı və istehsalı üçün istifadə olunan müəyyən mal və texnologiyaların Krıma və Sevastopola ixracı qadağandır.
“Aİ Krımın və Sevastopolun Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqını tanımır və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndənin 16 Mart 2020-ci il tarixli bəyanatına uyğun olaraq Rusiya tərəfindən beynəlxalq hüququn pozulmasını pisləməyə davam edir”, – Aİ-nin bəyanatında bildirilib.
Qeyd edək ki, Krımla bağlı sanksiyalar ilk dəfə 2014-cü ilin iyununda Rusiyaya tətbiq olunub.
Ukrayna böhranı ilə əlaqədar Aİ tərəfindən Rusiya iqtisadiyyatının müəyyən sektorlarına qarşı da sanksiyalar tətbiq olunur.