18 C
Baku
Wednesday, May 7, 2025

AI-startapın təsisçisi necə dünyanın ən gənc “self-made” milyarderi oldu?

2023-cü ilin sonundan etibarən dünyanın ən gənc “self-made” milyarderi titulu müğənni Teylor Sviftə məxsus olub, lakin indi onun yerinə “Scale AI” startapının həmtəsisçisi 30 yaşlı Lüsi Qo keçib. O, bir neçə il əvvəl startapından ayrılsa da, şirkətdə qalan payı sayəsində təkbaşına milyard dollarlıq sərvət qazanan dünyanın ən gənc qadını olmağı bacarıb. Çinli mühacirlərin qızı neyron şəbəkələr biznesini necə qurub, ondan niyə ayrılıb və bu gün hansı startap üzərində işləyir?

Böyük səs-küy yaradan “Scale AI” startapı işçilərinə və investorlara səhmlərini satmağa imkan verəcək tender təklifinin şərtlərinin müzakirəsini yekunlaşdırır. Mənbələrin bildirdiyi kimi, “istənilən halda baş tutacaq” sövdələşmənin 2025-ci il iyunun 1-nə qədər tamamlanacağı gözlənilir. Proseslə tanış olan insanlara görə, tender süni intellekt startapının dəyərini 2024-cü ilin mayından 80% artaraq 25 milyard dollara çatdıracaq.
Şirkətin yenidən qiymətləndirilməsi sayəsində onun 30 yaşlı həmtəsisçisi Lüsi Qo planetin ilk milyardını təkbaşına qazanan ən gənc qadına çevrilib. Qo 2023-cü ilin sonundan titulun sahibi olan 35 yaşlı pop-ulduzu Teylor Svifti geridə qoyub.
2016-cı ildə kollecdəki təhsilini yarımçıq qoyan 21 yaşlı Qo 19 yaşlı Aleksander Van ilə San-Fransiskoda yerləşən “Scale AI” startapını qurur. Van şirkətin baş direktoru vəzifəsini tutur, Qo isə əməliyyatlar və məhsul dizaynı departamentlərinə rəhbərlik etməyə başlayır. 2018-ci ildə partnyorlar arasında şirkətin idarə olunması ilə bağlı fikir ayrılıqları yaranır və Van Qonu işdən çıxarır. “Bəzi anlaşılmazlıqlara baxmayaraq, “Scale AI”nin nailiyyətləri ilə fəxr edirəm”, – Qo deyir.
“Scale AI”dən ayrıldıqdan sonra Qo şirkətdəki payının böyük hissəsini (1.2 milyard dollar dəyərində olan səhmlərin təxminən 5%-i) özündə saxlayıb və diqqətini yeni startapına yönəldib. Qo aktivlərinin gələcəyi ilə bağlı şərh verməyib: onun tender çərçivəsində payını satıb-satmayacağı məlum deyil. ABŞ-nin “Forbes” jurnalına görə, iş qadınının bütün aktivlərini, o cümlədən startap “Passes”dəki payını nəzərə alsaq, sərvəti 1.25 milyard dollar təşkil edir.
Qo dünyanın 40 yaşından gənc altı qadın milyarderlərindən biridir. O, sərvətinin böyük hissəsini bir neçə il əvvəl tərk etdiyi şirkətdən qazanan yeganə şəxsdir. Qo Çinli mühacirlər ailəsində anadan olub və San-Fransiskonun körfəz bölgəsində böyüyüb. O, orta məktəbdə proqramlaşdırma ilə maraqlanmağa başlayıb və Karneqi Mellon Universitetində kompüter elmləri və insan-kompüter qarşılıqlı əlaqəsini öyrənməyə başlayıb. Bir qədər sonra gənc Qo “Thiel Fellow” proqramına qoşulmaq üçün təhsilini dayandırır. 2015-ci ildə Qo “Quora” (onlayn sual-cavab forumu) layihəsinə qoşulur və burada məhsul dizayneri kimi çalışmağa başlayır, həmçinin Van ilə tanış olur. 2016-cı ildə Qo Van ilə birgə “Scale AI” satartapını yaratmağa qərar verir.
“Scale AI”dən ayrıldıqdan sonra Qo vençur kapitalı firması olan “Backend Capital”ı qurur. Bildirilir ki, “Backend Capital”ın ən uğurlu sövdələşməsi 2020-ci ildə fintex startap olan “Ramp”a altı rəqəmli investisiya olub. Bu gün Ramp 13 milyard dollar dəyərində qiymətləndirilir (şirkətin hər üç həmtəsisçisi milyarderə çevrilib).
Lakin 2022-ci ildə Lüsi Qonun marağı başqa bir sahəyə – “Passes” xidmətinin yaradılmasına yönəlir. Rəqəmsal platforma “Patreon” və “”OnlyFans prinsipləri əsasında fəaliyyət göstərir: xüsusi platforma məzmun yaradıcılarına və məşhurlara pərəstişkarları ilə ünsiyyət qurmağa imkan verir, onlar onlayn söhbətlərə daxil olmaq və eksklüziv videolara baxmaq üçün abunə alırlar.
2022-ci ildən 2024-cü ilə qədər üç maliyyə raundunda Qo 50 milyon dollar toplayıb, onun şirkəti 150 milyon dollar dəyərində qiymətləndirilib. 2025-ci ilin mart ayında “Passes”ə qarşı iddia qaldırılıb – şirkət platformada uşaqlara qarşı cinsi zorakılığı əks etdirən məzmun yerləşdirməkdə ittiham edilib. Nəticədə, qaydaları pozan bütün məzmun saytdan silinib.
“Üçüncü tərəflərin iddia edilən qanunsuzluqları “Passes”ə aid etmək cəhdi əsassızdır və yalnız şirkəti və məni məhkəmə çəkişməsinə sürükləməyə xidmət edir”, – məsələyə şərh bildirən Lüsi Qo vurğulayıb.
Bu fonda Qo nəinki işə uzun saatlar sərf edir, həm də “Barry’s Bootcamp” idman zalları şəbəkəsində gündəlik məşqlərinə məsuliyyətlə yanaşır. “İntizam > Yuxu. 3000 məşq etdim”, – deyə sahibkar aprelin əvvəlində İnstaqramda fotoşəkilinin altında yazıb.
İdman uğurlarına əlavə olaraq, Qo Mayamidəki “Coachella” və “Ultra Music Festival”  kimi musiqi festivallarından fotoşəkillər yerləşdirməyi də sevir.
Qonun həyatı – daimi iş və əyləncə qarışığıdır: onun şirkəti “Coachella”nın başlanğıcını qeyd etmək üçün böyük bir ziyafət təşkil edib. İş qadını iddia edir ki, tədbirə “sözün həqiqi mənasında minlərlə dəvət olunmuş qonaqlar” qatılıb.
Son xəbərlər
Digər xəbərlər