20 C
Baku
Monday, October 20, 2025

Aİ Şurası Rusiya təbii qazından imtina planını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası 2026-cı il yanvarın 1-dən etibarən Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan planı təsdiqləyib. Bu barədə məlumat Şuranın rəsmi saytında yerləşdirilib.

Qərara əsasən, mövcud müqavilələr üçün keçid dövrü saxlanılır. 2025-ci il iyunun 17-dək bağlanmış qısamüddətli müqavilələr 2026-cı il iyunun 17-dək, uzunmüddətli müqavilələr isə 2028-ci il yanvarın 1-dək qüvvədə qala bilər. Bildirilir ki, mövcud müqavilələrə dəyişikliklərin edilməsi yalnız “dəqiq müəyyən edilmiş əməliyyat məqsədləri üçün” mümkündür və qaz həcminin artırılmasına gətirib çıxarmamalıdır. Dənizə çıxışı olmayan və son tədarük marşrutlarındakı dəyişikliklərdən təsirlənən bəzi üzv ölkələr üçün istisnalar nəzərdə tutulur.

Eyni zamanda, Aİ Şurası Rusiyadan kənar ölkələrdən qaz idxalı üçün gömrük tələblərini sadələşdirib. Bu hallarda qaz Avropa İttifaqının gömrük ərazisinə daxil edilməzdən əvvəl yalnız səlahiyyətli orqanlardan icazə tələb olunur. Lakin keçid dövründə Rusiyadan idxal edilən qaz üçün əlavə məlumatlar təqdim edilməlidir, o cümlədən müqavilənin tarixi və qüvvə müddəti, alınan qazın miqdarı və müqavilədə edilən hər hansı dəyişikliklər.

Qeyd edək ki, 16 oktyabrda Avropa Parlamentinin Sənaye və Energetika Komitəsi də Rusiyadan qaz, neft və neft məhsullarının idxalına tam qadağa qoyulması təşəbbüsünü çoxluq səslə dəstəkləyib.

Macarıstanın xarici işlər naziri Péter Szijjártó isə bəyan edib ki, Budapeşt Aİ-nin Rusiyadan neft və qaz idxalını sürətlə dayandırmaq planına qarşı çıxır. Onun sözlərinə görə, bu qərar “Macarıstanın enerji təhlükəsizliyinə birbaşa zərbə vurur, iqtisadiyyatımızı zəiflədir və ailələr üçün aşağı kommunal tariflərə təhdid yaradır”.

Son xəbərlər
Digər xəbərlər