Tacikistanın üç bankı Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılıb. Bu barədə Tacikistan Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tacikistan nümayəndələrinin Avropa tərəfdaşları ilə apardığı danışıqlardan sonra daha əvvəl tətbiq olunmuş məhdudiyyətlər yenidən nəzərdən keçirilib. Sanksiyalardan azad olan banklar “Spitamen Bank”, “Dushanbe City Bank” və “Commercebank”dır.
Milli Bank qeyd edib ki, bu qərar tənzimləyici qurum və müvafiq dövlət orqanlarının Avropa Komissiyası ilə əməkdaşlığının genişlənməsi, beynəlxalq komplayens standartlarının tətbiqi və çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi nəticəsində əldə olunub.
Qurumun fikrincə, bu addım bank sektorunun inkişafına, investor etimadının artmasına və maliyyə xidmətlərinin genişlənməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, Milli Bank islahatların davam etdirilməsi, şəffaflığın artırılması və daxili nəzarət sisteminin gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bu üç banka qarşı məhdudiyyətlər 23 oktyabr 2025-ci ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiya paketi çərçivəsində qüvvəyə minmişdi.







