Avropa İttifaqı (Aİ) Şurası vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısından Aruba, Barbados və Bermud adalarının çıxarılması barədə qərarını açıqlayıb. Açıqlamada indiki halda Aİ ilə vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısında Amerika Samoası, Guam, Trinidad və Tabaqo, ABŞ Virciniya adaları, Birləşmiş Ərəb Əmirlikləri, Marşall adaları, Beliz, Fici, Omman, Vanqtau və Dominikanın qaldığı göstərilib.
Qeyd edək ki, çoxlu sayda şirkətin və fərdlərin offşor hesablardan istifadə edərək vergi ödəməkdən yayındıqlarına görə 2017-ci ildə Aİ “vergi cənnətləri”nin müəyyənləşdirilməsi prosesinə başlamışdı. Əsas məqsədi vergidən yayınmağın qarşısını almaq olan “qara siyahı”nın hazırlanması mərhələsində müxtəlif ölkələrin vergi sistemləri təhlil edilib. Nəticədə bir ölkədəki vergi qaydaları başqa bir ölkədən vergi yayındırmağa imkan yaratdığı təqdirdə, həmin ölkənin Aİ-nin “qara siyahı”sına salınması qərara alınıb.