Avropa İttifaqının (Aİ) Belçika nümayəndəliyi bildirib ki, Aİ Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüklə bağlı danışıqların başlanmasını iyunun 25-nə təyin edib. Bundan əvvəl Moldova prezidenti Maya Sandu danışıqların başlanması haqqında fərman imzalayıb.
Materialda danışıqların Lüksemburqda aparılacağı bildirilir. Ukrayna ilə onlar iyunun 25-də saat 15:30-da (Bakı vaxtı ilə 17:30), Moldova ilə – 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
Ukrayna və Moldova 2022-ci ilin iyununda üzvlük üçün namizəd ölkə statusu alıb. Avropa Komissiyası onları antikorrupsiya və məhkəmə islahatları aparmağa çağırıb, çünki Aİ-yə daxil olmaq üçün meyarlar azadlıq, insan hüquqlarına hörmət və qanunun aliliyi prinsiplərinə riayət etməyi tələb edir.
Bu gün, iyunun 21-də Maya Sandu bütün tövsiyələrin yerinə yetirildiyini elan edib. O, həmçinin Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması haqqında fərman imzalayıb. Ukrayna Prezidenti Vladimir Zelenski hələlik danışıqlar prosesinin başlanmasına münasibət bildirməyib.