Avropa İttifaqı ölkələri ayrı-ayrı dövlətlərin müqavimətinə baxmayaraq, Ukraynaya 2027-ci ilə qədər birlikdə məhdud iştirak imkanı verilməsi variantlarını müzakirə ediblər. Bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət “tərs genişlənmə” adlandırılan modeldən gedir. Bu model çərçivəsində ölkə üzvlük üçün bütün meyarları tam yerinə yetirməzdən əvvəl Aİ-də yer ala bilər. Belə yanaşma institusional və məhkəmə islahatlarını başa çatdırmaq üçün əlavə vaxt qazandıra bilər.
Ukrayna prezidenti Volodimir Zelenski 2027-ci ilin üzvlük tarixi kimi rəsmiləşdirilməsində israr edir və Aİ üzvlüyünü əsas təhlükəsizlik təminatlarından biri adlandırır. Lakin Avropa Komissiyası “qısa yolun” olmadığını və islahatların vacibliyini vurğulayır.
Yanvarın 29-da Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukraynanın 2027-ci ilə qədər Aİ-yə üzv olması mümkün deyil, çünki bütün namizədlər müəyyən edilmiş tələblərə tam uyğun olmalıdır. Onun sözlərinə görə, Kiyev üçün üzvlük perspektivi qalmalıdır, lakin zəruri meyarların yerinə yetirilməsi üçün hələ bir neçə il tələb olunacaq.






