Ukrayna Avropa İttifaqından növbəti 3,8 milyard avroluq tranş əldə edib. Bu barədə ölkənin Baş naziri Yulia Sviridenko “Telegram” kanalında məlumat verib.
“Avropa İttifaqından daha 3,8 milyard avro dövlət büdcəsinin xüsusi fonduna daxil olub”, – deyə o yazıb.
Baş nazirin sözlərinə görə, vəsait prioritet müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə – dronların istehsalına, müdafiə-sənaye kompleksinin potensialının gücləndirilməsinə və cəbhənin ehtiyacları üçün təcili tədarüklərin təmin edilməsinə yönəldiləcək.
Sviridenko vurğulayıb ki, bu, yeni maliyyə aləti olan “Ukraine Support Loan” çərçivəsində ayrılan ilk müdafiə dəstəyi tranşıdır.
O xatırladıb ki, iyunun 25-də eyni kredit proqramı çərçivəsində büdcə dəstəyi məqsədilə Ukrayna büdcəsinə daha 3,2 milyard avro daxil olmuşdu. Beləliklə, bu proqram çərçivəsində Kiyevin əldə etdiyi vəsaitin ümumi həcmi 7 milyard avroya çatıb.
Bundan əvvəl Sviridenko bildirmişdi ki, 2025-ci ildə Ukraynanın hərbi xərcləri ÜDM-in 40%-dən çoxunu və dövlət büdcəsinin 70%-ni təşkil edib.
Ursula fon der Leyen bundan əvvəl çərşənbə axşamı açıqlamışdı ki, Avropa Komissiyası Kiyevə pilotsuz uçuş aparatlarının alınması üçün 3,9 milyard avro ayırıb. O, həmçinin qalan vəsaitin də sonradan ayrılacağını bildirib.
Avropa Komissiyası daha əvvəl iyunun sonunadək Kiyevə pilotsuz uçuş aparatları üçün 5,9 milyard avroluq ilk tranşı göndərəcəyini vəd etmişdi.







