Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramı çərçivəsində bu ölkəyə 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının iclası çərçivəsində Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.
“Nazirlər indicə Ukraynaya 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqlədilər. Bu, bizim fövqəladə makromaliyyə yardımı proqramımızın bir hissəsidir”, – o deyib.
O, Ukrayna iqtisadiyyatının qısamüddətli maliyyələşdirməyə ciddi ehtiyacı olduğunu və Aİ-nin kömək etməyə hazır olduğunu qeyd edib.
Xatırladaq ki, mayın 18-də Avropa Komissiyası bu ilin sonuna qədər Aİ-nin zəmanəti altında Ukraynaya 9 milyard avro məbləğində fövqəladə makromaliyyə krediti proqramının hazırlandığını elan edib. Təsdiqlənmiş 1 milyard avro məbləğində kredit bu proqram çərçivəsində ilk tranş olub.