Asiya İnkişaf Bankı (AİB) Bryus Qosperi bankın Administrasiya və Korporativ İdarəetmə bölməsinin vitse-prezidenti vəzifəsinə üçillik müddətə təyin edib. O, bu mövqedə vəzifə müddəti 17 yanvar 2021-ci il tarixində bitəcək Debora Stoksu əvəz edəcək.
AİB-in verdiyi məlumata görə, B. Qosper hazırda Avstraliya hökumətinin Sinqapurdakı rəsmi baş nümayəndəsi və Asiya Cəmiyyətinin Avstraliya Məşvərət Şurasının üzvüdür. Yeni vitse-prezident regional qurumların və dövlət sektorunda böyük təşkilatların idarəetməsində 40 il iştirak edib və rəqəmsallaşma, çoxtərəfli ticarət danışıqları, regional əməkdaşlıq, investisiya və ticarət təşviqləri, beynəlxalq əlaqələr, diplomatiya və korporativ idarəetmə sahəsində dərin bilik və təcrübəyə malikdir.
Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də AİB-in İdarə Heyəti 61 yaşlı Masatsuku Asakavanı yekdilliklə bankın yeni prezidenti seçmişdi. Təxminən 40 illik karyerası ərzində Asakava Yaponiya Maliyyə Nazirliyində bir sıra rəhbər vəzifədə, o cümlədən beynəlxalq maliyyə işləri üzrə nazir müavini vəzifələrində çalışıb və inkişaf siyasətində, valyuta bazarlarında və beynəlxalq vergi siyasətində müxtəlif peşəkar təcrübə qazanmışdı.