31 C
Baku
Thursday, August 11, 2022

AİB bu il üçün Azərbaycanda ÜDM-nin proqnozunu yaxşılaşdırıb, 2020-ci il üçün pisləşdirib

Asiya İnkişaf Bankı (AİB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin artım proqnozunu 2,6%-dək yüksəldib. Bu barədə yenilənmiş “Asian Development Outlook 2019” icmalında deyilir.

Aprel ayında AİB 2019-cu il üçün Azərbaycanda ÜDM-nin 2,5% artacağını proqnozlaşdırmışdı.

2020-ci ildə ölkə üzrə ÜDM-nin artım proqnozu 2,7%-dən 2,4%-ə endirilib.

“2019-cu ilin I yarısında iqtisadi artım bir il əvvələ olan 1,3%-ə qarşı 2,4% təşkil edib. Faydalı qazıntıların hasilatının 1,6% və neft emalı sənayesinin 13,5% artması fonunda sənaye sahəsində 1,8% artım qeydə alınıb. Eyni zamanda, neft istehsalı 3% azalıb, qaz hasilatı isə 35% artıb”, – deyə icmalda qeyd olunur.

AİB-in məlumatına görə, hesabat dövründə tikinti sektorunda azalma 11,2%, xidmət sahəsində artım 3%, kənd təsərrüfatı sektorunda artım 13,1% təşkil edib.

AİB-in proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda inflyasiya 3,7%-dək azalacaq (aprel proqnozu – 4%), 2020-ci ildə 3,8%-ə qədər artacaq (aprel proqnozu – 5%).

Bankın proqnozlarına əsasən, cari ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 13,9%-ni (aprel proqnozu – ÜDM-nin 13,6%-ni), 2020-ci ildə ÜDM-nin 11,6%-ni (aprel proqnozu ÜDM-nin 10,8%-i) təşkil edəcək.

“2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarətdə müsbət saldosu neft ixracının 3,7% azalmasına və qaz hasilatının artmasına baxmayaraq, bir il əvvəlki $5 mlrd.-dan $2,4 mlrd.-a qədər azalıb. İxrac 0,1%, idxal isə 51,3% artıb. Hesab edirik ki, neftin əvvəlki proqnoza nisbətən daha yüksək qiyməti il ərzində neft ixracının azalmasını kompensasiya edəcək. Bu isə 2019-2020-ci illər üçün tədiyə balansının profisiti üzrə proqnozun yaxşılaşmasını şərtləndirir”, – deyə bank vurğulayır.

Azərbaycan hökuməti 2019-cu il üçün ÜDM-nin artımını 3,2%, 2020-ci ildə 2,4%, 2019-cu il üçün orta illik inflyasiyanı 3,7%, 2020-ci il üçün 4,6% səviyyəsində proqnozlaşdırır.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər