Asiya İnkişaf Bankı (AİB) 1999-cu ildən Azərbaycandakı layihələrə 20 kredit və 1 qrant sazişi çərçivəsində 1,7 milyard dollar vəsait qoyub.
Bunu maliyyə naziri Samir Şərifov Azərbaycanın AİB-ə üzv olmasının 15 illiyinə həsr edilmiş qəbulda deyib.
Onun sözlərinə görə, ilin əvvəlinə olan vəziyyətə əsasən, bankla kredit sazişləri üzrə 1,334 milyard dollar vəsait mənimsənilib: “İstifadə edilmiş vəsaitin həcmi təqribən 570 milyon dollar olub”.
Nazir qeyd edib ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra qlobal iqtisadi sistemə səmərəli inteqrasiya iqtisadi siyasətin strateji məqsədi seçilib: “Şübhəsiz ki, bu məqsədə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etmədən nail olunmaq mümkün deyildi”.
S.Şərifov bildirib ki, ölkəmiz AİB-də paya sahiblik üzrə dünyada 26-cıdır və bu göstərici üzrə region ölkələri arasında 18-cidir: “AİB hökumətlə birgə infrastruktur layihələrin reallaşdırılmasında və islahatların aparılmasında fəal iştirak edib. Bu layihələr nəqliyyat, su təchizatı və digər istiqamətləri əhatə edib. AİB layihələri dövlət və özəl sektora aiddir. 2004-cü ildən isə bankın Bakıda nümayəndəliyi fəaliyyət göstərir”.
Nazir əlavə edib ki, Azərbaycan dayanıqlı iqtisadi inkişaf hədəfinə çatmaq üçün AİB ilə əməkdaşlığı möhkəmləndirməyi davam etdirmək niyyətindədir.