2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 66,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% azdır. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bu ilin iyul ayında AİF-in agent bankları 4,5 mln. manat məbləğində ipoteka krediti veriblər.
AMB-nin məlumatına görə, 2014-cü ilin yanvar-iyul aylarında fond 68,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Hesabat dövründə AİF-in 40 mln. manat məbləğində istiqrazı yerləşdirilib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib.
interfax.az