“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) aktivləri bu il iyulun 1-nə 790,413 mln. manat təşkil edib.
Fondun maliyyə hesabatına istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.
AİF-in aktivlərinin 74,6%-ni və yaxud 589,577 mln. manatını ipoteka kreditləri təşkil edib. Son ildə Fondun kredit portfeli 7,8% böyüyüb.
Hesabat dövründə maliyyə qurumunun cəmi öhdəlikləri 19% artaraq 409,302 mln. manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 19,4% artaraq 402,977 mln. manata, cəmi kapitalı isə 20% artaraq 381,111 mln. manata, o cümlədən nizamnamə kapitalı 26,6% artaraq 265,927 mln. manata çatıb.
Bu ilin I yarısında AİF-in faiz gəlirləri 16,481 mln. manat (illik müqayisədə 25,4% az), faiz xərcləri 5,749 mln. manat (44,35% az), dəyərsizləşmə üzrə zərəri 810 min manat (9,5 dəfə çox), haqq və komissiya xərcləri 270 min manat (36,3% az), digər gəlirləri 398 min manat (10,4% az), insan resursları üzrə xərcləri 1,046 mln. manat (39,15% az), inzibati və digər xərcləri 874 min manat (50,4% az) təşkil edib. Son nəticədə Fondun 6 aylıq mənfəəti 8,13 mln. manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1% azdır.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb.