9 C
Baku
Thursday, December 12, 2024

AİF dekabrın 10-da 4 mln. manat məbləğində istiqraz yerləşdirəcək

Azərbaycan İpoteka Fondu (AİF) dekabrın 10-da 4 mln. manat məbləğində istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirəcək. 

“Bu, AİF-in doqquzuncu emissiyadan olan istiqrazlarının on birinci yerləşdirilməsi olacaq. Hərraca bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 4 min ədəd istiqraz çıxarılır”, – deyə məlumatda qeyd edilir.

AİF yanvar-noyabr aylarında 10 hərrac çərçivəsində doqquzuncu emissiyadan 46 mln. manat məbləğində istiqraz yerləşdirib.

Xəbər verildiyi kimi, 30 dekabr 2014-cü il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi AİF-in 50 mln. manat məbləğində istiqrazlarının doqquzuncu emissiya prospektini qeydiyyata alıb. Emissiya nominal dəyəri 1 min manat olan 50 min ədəd təmin edilmiş istiqraza bölünüb, istiqrazların tədavül müddəti 10 il, illik faiz dərəcəsi 3% təşkil edir.

AİF 2009-2014-cü illərdə 8 emissiya çərçivəsində ümumilikdə 340 mln. manat məbləğində istiqraz yerləşdirib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

Son xəbərlər
Digər xəbərlər