Hindistan hökuməti dövlətə məxsus olan və ümumi borc öhdəlikləri 8,45 milyard dollar olaraq qiymətləndirilən “Air India” milli aviaşirkətinin bütün səhmlərinin satışa çıxarıldığını təsdiqləyib.
RİA “Novosti” xəbər verir ki, bu barədə Hindistan hökumətinin İnvestisiya və Dövlət Aktivlərinin İdarə Edilməsi Departamenti tərəfindən dərc edilmiş sənəddə deyilir.
“Hindistan hökuməti idarəetmə nəzarətini və səhm kapitalının dövlətə məxsus olan 100%-ni satmaqla “Air India” şirkətinə investisiya qoyuluşunun strateji dayandırılmasına prinsipial razılıq verib. Bu səhm kapitalına “Air India” şirkətinin AIXL-dəki (Air India Express Limited) 100% payı və AISATS-dəki (Air India SATS Airport Services Private Limited) 50% payı daxildir”, – sənəddə deyilir.
Daha əvvəl, 2018-ci ildə Hindistan hökuməti aviaşirkətin səhmlərinin 76%-ni sata bilməmiş və təxminən 5,1 milyard dollarlıq borcunu ödəyə bilməmişdi.
Sənəddən aydın olur ki, alıcı “Air India Express” loukosterinin 100 faizini və Hindistanın ən böyük hava limanlarında yük və yerüstü xidmətlər göstərən AISATS-nin 50 faizini də əldə etmiş olacaq. “Air India”nın bir neçə törəmə şirkəti satışdan çıxarılıb. Hindistan hökuməti potensial alıcılardan ilkin təkliflərin martın 17-dək təqdim olunmasını təklif edib. Hökumətdən həmçinin qeyd olunub ki, daşıyıcıya nəzarət Hindistan şirkətində qalacaq.
©Report