6 C
Baku
Sunday, December 15, 2024

Akademik Ziyad Səmədzadə elmi tədqiqatları ilə iqtisad elmində yeni səhifə açmışdır

®Hər bir millət öz mədəniyyəti, elmi, alimi, ziyalısı, milli-mənəvi dəyərləri ilə tanınır. Uzun illər iqtisadiyyat sahəsində sanballı araşdırmalar aparan, yüksək səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən, ictimai xadim, görkəmli alim Ziyad Əliabbas oğlu Səmədzadə məhz belə ziyalılardandır. Alimin uzun illər elmi-ictimai həyatdakı fəallığı onu həmişə ucaltmış, çoxlarının sevimlisinə çevirmişdir.  

Görkəmli alim çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, cəmiyyətdə böyük nüfuz qazanmışdır. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan Ziyad Səmədzadə öz yaradıcılığına tamamilə yeni rakursdan yanaşaraq iqtisad elmində yeni səhifə açmışdır.

24850002 1 scaled

 

Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı il iyunun 25-də Bakının Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Bakı Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan EA-nın İqtisadiyyat İnstitutuna göndərilmişdir. Gənc elmi kadrlara qayğıkeş münasibətin hökm sürdüyü bu səmimi kollektivdə respublikanın xalq təsərrüfatının ən ümdə iqtisadi problemlərinin tədqiqi ilə bağlı intensiv elmi axtarışlar aparılırdı.

1962-1964-cü illərdə Ziyad Səmədzadə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Buradakı yaradıcı elmi mühit, nüfuzlu iqtisadçı alimlərlə şəxsi tanışlıq onun tədqiqatçı kimi formalaşmasına müsbət təsir göstərmişdir. 1965-ci ildə o, elə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib, daha sonra “Xalq təsərrüfatının inkişaf sürəti və proporsiyaları” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-ci ilin avqust ayından 1982-ci ilin sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1983-cü ilin yanvarında Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Mərkəzi Komitəsində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və 1991-ci ilədək bu vəzifədə çalışmışdır.

1980-ci ildə Ziyad Səmədzadə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Görkəmli alimin doktorluq dissertasiyası “Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturu problemləri” mövzusuna həsr edilmişdir. Bu tədqiqat keçmiş sovetlər ittifaqında qeyd edilən problemlərin kompleks halda araşdırıldığı ilk sanballı iş kimi qiymətləndirilmişdir. Z.Səmədzadə ötən əsrin 70-ci illərində ilk dəfə olaraq respublika sənayesini səciyyələndirən materiallar əsasında istehsalın səmərəlilik göstəricilərini xalis məhsula görə hesablamış, iqtisadi artım, struktur problemlərinə dair konkret elmi nəticələr əldə etmişdir.

Alim hələ qırx il bundan əvvəl qeyri-istehsal sahəsinin üstün sürətlə inkişaf etməsini və onun strukturunun  yaxşılaşdırılmasını qanunauyğun hal və respublikanın tərəqqisi üçün əsas amillərdən hesab edirdi. Bütövlükdə Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli araşdırılması, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əlaqəsinin təhlili, iqtisadi tərəqqi amilləri barədə dolğun elmi konsepsiyanın formalaşması məsələləri də Ziyad Səmədzadənin fəaliyyəti ilə bağlıdır.

Alimin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlanmışdır. Bu proqramlar özünün konkretliyi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məqsədlərə nailolma mexanizminin mövcudluğu ilə fərqlənirdi ki, bu da keçmiş sərt planlaşma və idarəetmə sistemində mühüm nailiyyət hesab edilirdi.

Ziyad Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində regionların, o cümlədən Bakının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi xüsusi yer tutur. Bu araşdırmalar əsasında 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim olunmuşdur.

Ötən əsrin 80-ci illərinin sonlarında bizə kənardan zorla qəbul edilmiş Qarabağ probleminin ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının “sosial-iqtisadi geriliyi haqqında” iradlarının təhlilinə başlamışdır. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial mədəni baxımdan ayrı-seçkilik edilməsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edilmişdir. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti geniş əks-səda doğurmuş “Dağlıq Qarabağ: naməlum həqiqətlər”, “Нагорный Карабах: неизвестная правда” adlı kitablarında öz əksini tapmışdı. Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Akademik həmkarları ilə birlikdə bütövlükdə SSRİ və digər müttəfiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında mürəkkəb elmi hesablamalar apararaq mərkəzləşdirilmiş plan-maliyyə sisteminə xas ciddi qüsurları üzə çıxartdı və sübut etdi ki, respublikanın ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqları yolverilməz dərəcədə məhduddur. Bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas götürüldü. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfrans keçirildi. 

Respublikanın elmi qüvvələrini “Azərbaycan XXI əsrin astanasında” problemi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əhatəli elmi təşkilatçılıq fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu deviz altında 1997-1998-ci illərdə keçirilmiş iki beynəlxalq elmi-praktik konfransın rəhbəri olmuş akademik həmin tədbirin yaradıcı qrupu ilə birlikdə müasir vəziyyətdən və bəşəriyyətin inkişaf perspektivlərindən çıxış edərək XXI əsrin ən mühüm problemlərini müəyyənləşdirməyə səy göstərmişdir. Akademikin elmi redaktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir. Ziyad Səmədzadənin yaradıcılığında şah əsər kimi qiymətləndirilən və 2004-cü ildə işıq üzü görən ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük yolun mərhələləri” adlı iri həcmli monoqrafiya (rus dilində) öz elmi tutumu, məntiqi və şərhi üslubuna görə fərqlənir. Burada Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, spesifik cəhətləri, ümumi qanunauyğunluqları tədqiq olunmaqla onun perspektiv inkişafının konseptual əsasları araşdırılır.

Kitabın təqdimatı barədə respublika mətbuatında dərc edilmiş materiallar, xüsusilə də, görkəmli iqtisadçı-alimlərin, mütəxəssislərin, o cümlədən SSRİ Dövlət Plan Komitəsinin keçmiş sədri N.Baybakovun, akademik L.Abalkinin rəyləri sübut edir ki, həqiqətən, Z.Səmədzadənin bu kitabını bir çox müddəaların və nəticələrin məlumatlığı və əsasına görə yarım əsrdə Azərbaycanın iqtisadi inkişaf problemləri üzrə əsl ensiklopedik əsər kimi xarakterizə etmək olar.

Alimin Çində, MDB məkanında və bir çox Avropa, Asiya ölkələrində yüksək qiymətləndirilən “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iqtisadiyyatında” (2009-cu il), “Китай в глобальной мировой экономике” (2010-cu il) əsərlərini də qeyd etmək yerinə düşərdi. Xüsusi vurğulanmalıdır ki, akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir.

Kitabda Çin modelinin hərəkətverici qüvvəsi olan iqtisadi islahatların atası Den Syaopin islahatlarının dərin qatları ətraflı şəkildə təhlil edilir. Müəllifin haqlı fikrinə görə, “Çin möcüzəsi”nin mühüm sirlərindən biri də odur ki, ölkədə aparılan iqtisadi islahatlarda radikallığa yol verilmədi, mülkiyyət formaları qarşı-qarşıya qoyulmadı, struktur islahatları sənayedə mərhələ-mərhələ aparıldı. Məlum olduğu kimi, müasir iqtisadi proseslər diqqətlə nəzərdən keçirildikdə aydın olur ki, yeni informasiya iqtisadiyyatı qlobal miqyasda fəaliyyət göstərir. Ona görə də, Çin inkişaf modelinin dünya təsərrüfatı sisteminə inteqrasiya təcrübəsi çox əhəmiyyətlidir.

Akademik Z.Səmədzadənin əsərində Çində ərzaq təhlükəsizliyinin həll edilməsi yolları, islahatların sosial yönümü diqqətlə nəzərdən keçirilir. Kitabda sürətli sosial-iqtisadi inkişafda pul-kredit siyasətinin mühüm rolu və dövlət siyasətinin prioritet istiqaməti kimi regionların tarazlı inkişafı ətraflı araşdırılır.

Beləliklə, akademik Z.Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabı Azərbaycanın iqtisad elmində böyük hadisədir. Unikal iqtisadi inkişaf modeli haqqında yazılan əsərin özü də nadirdir və Azərbaycanla Çin arasında dostluq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərir.

Məlumdur ki, müstəqil Azərbaycan dövlətinin tarixində keçid dövrü özünəməxsus yer tutur. Azərbaycan dövləti bu illər ərzində gələcəyimiz üçün fundamental əhəmiyyətli işlər gördü. Prezident İlham Əliyev 2009-cu ilin noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığını bəyan etdi. Bu, tarixi bir bəyanat idi.

Ölkə rəhbərinin bəyanatı iqtisad elmi qarşısında mühüm vəzifələr qoydu. Bu baxımdan 2010-cu ildə akademik Ziyad Səmədzadənin baş redaktorluğu ilə “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr milli inkişaf modelinin formalaşması problemləri” mövzusunda respublika elmi-praktiki konfransının materiallarının cəmləşdiyi külliyyat çap olundu.

AMEA-nın müvafiq qərarına uyğun olaraq keçirilən konfransda iqtisadçılarımız Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkəmizdə yeni iqtisadi sistemi yaratmaq konsepsiyasının mahiyyəti, keçid dövrünün xüsusiyyətləri, ziddiyyətləri, bu dövrün uğurla başa çatdırılması, Azərbaycanın qlobal maliyyə böhranından yüksək səviyyədə çıxarılması və bu gündə dünyada inkişaf sürətinə görə lider ölkə kimi tanınması kimi məsələləri araşdırmışlar.

Külliyyata 90-dək respublika, eləcədə xarici nüfuzlu təşkilatları, elm-təhsil müəssisələrini təmsil edən 400-ə yaxın müəllifin yazıları daxil edilmişdir. Təqdim edilən məruzə və tezislərdə iqtisadçılar Azərbaycan dövlətinin, onun başçısı Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edən bu və ya digər fikirlərlə çıxış edirlər. Görkəmli alim 45 ildən artıqdır ki, çoxsaylı simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. 

O, həm də yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar akademikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir. 1999-cu ildən akademik “İqtisadiyyat” adlı qəzetin təsisçisidir. 

Alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində” mövzusu ilə əlaqədar apardığı tədqiqatlar da diqqətəlayiqdir. Onun 2005 və 2010-cu illərdə Böyük Vətən müharibəsinin 60, 65 və 70-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” və “Qaliblər-Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabları da maraqlı faktlarla zəngindir. 

Nəhayət, qeyd etmək istərdik ki, insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ensiklopediyaların tarixi uzun olsa da, Azərbaycanda bu mühüm və dəyərli fəaliyyət sahəsində məqsədyönlü və ardıcıl iş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olub. Prezident İlham Əliyev həmin ensiklopediyanın nəşrini Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisə kimi səciyyələndirib.

Prezident İlham Əliyevin baş redaktorluğu ilə artıq Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri nəşr olunaraq oxucuların istifadəsinə verilib. Bu nəşrlər ölkəmizdə sahə ensiklopediyalarının hazırlanması işini də aktuallaşdırdı, bir çox reallıqlar isə iqtisadi ensiklopediyanın yaradılmasını zərurətə çevirdi.

Akademik Ziyad Səmədzadə öz çiyinlərini bu ağır yükün altına verdi, belə məsul və şərəfli missiyanı üzərinə götürdü. Böyük İqtisadi Ensiklopediyanı yaratmağın zəruriliyi iqtisad elminin cəmiyyətdə rolunun artdığı müasir dünyada inkişaf etmiş ölkələrin iqtisadiyyatının mahiyyət və xarakterini, inkişaf meyilləri və qanunauyğunluqlarını müəyyənləşdirən əsas ideya, konsepsiya, model, anlayış və kateqoriyaların öyrənilməsi və istifadəsini asanlaşdırmaq istəyindən irəli gəlirdi.

Akademik Ziyad Səmədzadə iqtisadi ensiklopediyanı yaratmaq ideyasını irəli sürərkən artıq dünya iqtisadiyyatının tarixi, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, dünyada baş verən qlobal iqtisadi proseslər, elmi-iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında kifayət qədər məlumatlar toplamış, dünya iqtisad elminin nailiyyətlərini müasir gerçəkliklər fonunda hərtərəfli araşdırmış, sanballı elmi əsərlər nəşr etdirmişdi.

Beləliklə, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə ölkəmizdə ilk dəfə Böyük İqtisadi Ensiklopediyanın yaradılması kimi gərgin yaradıcı işə başlanıldı. Təqribən 10 illik gərgin zəhmət və səmərəli iş öz bəhrəsini verdi. 2012-ci ildə akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə ilk dəfə irihəcmli, mötəbər və unikal elmi informasiya mənbəyi olan 5 cildlik “Böyük İqtisadi Ensiklopediya” nəşr edildi.

Bu sanballı nəşrdən sonrakı illərdə qloballaşan dünya iqtisadiyyatında, eləcə də sürətlə dəyişən, inkişaf edən, böyük uğurlar qazanan Azərbaycanda mühüm hadisələr baş verdi. Bütün bunlar “Böyük İqtisadi ensiklopediya”nın növbəti cildlərinin hazırlanmasını da zəruri etdi. Akademik Ziyad Səmədzadə vəziyyəti düzgün qiymətləndirərək Ensiklopediyanın yeni cildlərinin hazırlığına başladı. Alimin rəhbərliyi, gərgin zəhməti və böyük işgüzarlığı hesabına “Böyük İqtisadi Ensiklopediya”nın 6-cı və 7-ci cildləri də hazırlanıb çap olundu. 

2010-cu ildə Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır. Eyni zamanda 2010-cu ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədr müavini, akademik Ziyad Səmədzadəni Fransisk Skorina medalı ilə təltif etmişdir.

Ömrünün yetkinlik dövrünə qədəm qoyan akademik bu gün də müasir duyum və daha böyük həvəs, enerji ilə müstəqil Azərbaycanımızın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı tövsiyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fəaliyyət göstərir, iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün əzmlə çalışır. 

Son xəbərlər
Digər xəbərlər