Hazırda dünyada baş verən iqtisadi və iqtisadiyyata təsir edən müxtəlif proseslər hər birimizi narahat edir. Bu proseslər ölkəmizdən də yan keçməmişdir. Koronavirus pandemiyası digər ölkələr kimi Azərbaycanda da ciddi karantin rejiminin tətbiqi ilə nəticələnmişdir ki, bu da onun daha geniş yayılmasının qarşısını almaq üçün atılmış sərt tədbirlərdən biridir. Karantin rejiminin əhəmiyyəti barədə biz çox danışmışıq və yazmışıq. Ona riayət olması ilə bağlı iqtisadçıların mövqelərini də öyrənmişik. Bununla bağlı Azərbaycan iqtisadiyyatında ən məşhur simalardan olan, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin də fikirlərini öyrəndik:
“Bu gün biz dünyada baş verən fəlakət barədə danışırıq, düşünürük. Hesab edirəm ki, xalqı bu bəladan qurtarmaq üçün cənab Prezident tərəfindən iri miqyaslı, tale yüklü sərəncamlar imzalanır. Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah gündəlik olaraq görülən işlər barədə əhalini məlumatlandırır. Birinci vitse prezident Mehriban xanımın əhaliyə müraciətini kövrəlmədən dinləmək mümkün deyildir. Bütün bunlar ona görə edilir ki, dinamik inkişaf edən Azərbaycan dövləti daha da güclü olsun, xalqımız daha yaxşı yaşasın və onun xəstələnmə ehtimalları minimuma endirilsin. Biz hər birimiz dünyanın digər ölkələrində bu xəstəliyin nə qədər canlar aldığını görürük.
Azərbaycan nadir ölkələrdəndir ki, atılan addımların nəticəsində, xəstəliyin yayılması və ondan həyatını itirən insanların sayı minimuma endirilmişdir. Dünyanın əsas beyin mərkəzləri, nüfuzlu həkimlərin bu bəladan qurtulmağın , onun yayılmasının qarşısının alınmasının, yaxınlarınızın bu xəstəliyə yoluxmamasının qarşısının alınması yolu kimi evdə qalmaq yeganə yol kimi göstərilir. Odur ki , bu adi bir kampaniya deyildir. Evdə qalmaqla sən xalqını qoruyursan, evdə qalmaqla sən uşaqlarını qoruyursan, evdə qalmaqla sən valideynlərini qoruyursan, evdə qalmaqla sən Azərbaycan xalqının genofonunu qoruyursan. Bu səbəbdən mən Azərbaycan kütləvi informasiya vasitələrinin gördükləri bu işi yüksək qiymətləndirirəm. Məndə evdə qalıram, bu zamanın tələbidir.
Evdə qalmaq o demək deyildir ki, passiv həyat tərzi sürəsən. Misal üçün, biz evdə qalmaqla parlamentlə distant əlaqəmizi saxlayırıq, müzakirələr aparırıq , fikir mübadiləsi edirik. Yaradıcılıq işlərimlə də çox ciddi məşğul oluram. Son 15 gün ərzində mən bir neçə ayın işini görə bilmişəm. Hazırda Böyük vətən müharibəsinin 75 illiyi ilə bağlı böyük kitab üzərində işləyirəm və yaxınlarda onu çapa verməyi planlaşdırıram. Bu kitabda Azərbaycan xalqının bu müharibədə nə dərəcədə əhəmiyyətli rol oynaması, həmçinin Azərbaycan neftinin hesabına müharibədə qalib olmağımız haqqında geniş söz açılmışdır. Kitabda əks olunacaq məlumatların çox hissəsi arxiv məlumatları olduğundan, onların toplanması, təhlil olunması və yekun nəticələrə gəlinməsi kifayət qədər vaxt aparan bir işdir.
Biz həmçinin öz sağlamlığımızı da unutmamalıyıq. Karantindən əvvəl mən hər gün 10-12 min addım gəzməyi vərdiş etmişdim. Evdə qalmaqla mən bu işimidə ev şəraitində davam etdirirəm və gündəlik 7 min addım gəzməyə çalışıram. Boş vaxt olanda hətta tarda çalıram (gülür). Odur ki, mən bizim bu bəladan üzü ağ çıxacağımıza inanıram. Bu prosesdən minimum itkilərlə çıxmaq hər birimizdən asılıdır və bizim gündəlik həyata dönməyimiz, cənab Prezidentin müəyyən etdiyi iqtisadi inkişaf trayektoriyasına tezliklə qayıtmağımız üçün bizdən hələki tələb olunan evdə qalmaqdır. “