Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə əlaqədar qərardan verilən şikayət və protestlə bağlı məhkəmənin vaxtı məlum olub.
Ali Məhkəmədə şikayət hakim Rəşad Abdulovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası aprelin 11-nə təyin olunub.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin ötən il dekabrın 28-də Akif Çovdarov və Səlim Məmmədovun əmlakın xüsusi müsadirədən azad olunması bağlı qərar qəbul edib.
Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.
Azad olunan əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır.
Bununla bağlı bazarın keçmiş sahibi Çingiz Əsədov iş üzrə Ali Məhkəməyə kassasiya şikayəti verib.
Ötən gün isə Baş Prokurorluq tərəfindən Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərarla bağlı kassasiya protesti verilib.
Şikayət və protest eyni qərardan olduğu üçün məhkəmə tərəfindən şikayətlərə bir yerə baxılacaq.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.