16 C
Baku
Sunday, May 26, 2024

Aktau limanı Orta Dəhliz vasitəsilə konteyner daşımalarının nəqlini 85% artırıb

Qazaxıstanın Aktau dəniz limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 2024-cü ilin I rübündə konteyner daşımalarının nəqlini 85% artırıb.

Bu barədə “Qazaxıstan Dəmir Yolu”nun (KTZ) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, cari ilin yanvar-mart aylarında Aktau dəniz limanı vasitəsilə yükdaşımaların ümumi həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 1.1 milyon tonu ötüb.

Hesabat dövründə liman 24 min ton taxıl və 920 min tondan çox neft və neft məhsullarının yükdaşımasını təmin edib.

“Bu ilin birinci rübündə liman 7.4 mindən çox iyirmi fut ekvivalentli (TEU) konteyneri daşıyıb ki, bu da 2023-cü ilin birinci rübündən 33% çoxdur. O cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 6.4 min TEU-dan çox yük daşınıb. İl ərzində bu rəqəm 85% artıb”, – KTZ qeyd edib.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

KTZ-nin məlumatına görə, 2023-cü ildə bu marşrutla 2.7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər