28 C
Baku
Saturday, July 27, 2024

Alaa Nur: “Azərbaycanla İraq arasında iqtisadi əlaqələri inkişaf etdirməyi düşünürük”

“Azərbaycanla İraq arasında iqtisadi əlaqələri inkişaf etdirməyi düşünürük”.

Banker.az xəbər verir ki, bunu bu yaxınlarda ölkəmizdə səfərdə olmuş Bağdad Ticarət Palatasının İnvestisiya Mərkəzinin direktoru, İraq-Azərbaycan İş Adamları Birliyinin sədri Alaa Nur deyib.

Onun sözlərinə görə, iki dövlət arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələsi Azərbaycanda keçirdiyi rəsmi görüşlər zamanı müzakirə edilib: “Biz Azərbaycandakı ticarət konsulumuz və səfirlik əməkdaşları ilə birlikdə keçirdiyimiz görüşlər zamanı da bunun yollarını axtarmağa çalışmışıq. Əslində, Azərbaycanla İraq arasında qarşılıqlı iqtisadi əlaqələrin qurulması üçün yaxınlaşmalar illərdir ki, davam edir. Hansı sahələr üzrə əməkdaşlıq edə biləcəyimiz öyrənilir”.

Mərkəz direktoru hesab edir ki, bundan sonra daha çox görüşlər keçirilməli, qarşılıqlı əlaqələr genişləndirilməlidir: “Mən burada keçirdiyim rəsmi görüşlər zamanı Azərbaycanda hər iki ölkənin iş adamları üçün böyük bir konfransın keçirilməsini təklif etmişəm. Eyni zamanda, ixtisaslaşmış sərgilərdə İraq şirkətlərinin iştirakına şərait yaradılmalıdır. Biz bütün dünyada iqtisadi-ticari əlaqələrin gücləndirilməsi işinə belə başlayırıq”.

Rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana ilk dəfədir rəsmi səfər etdiyini söyləyən A.Nur 2006-cı ildə ölkəmizə qeyri-rəsmi səfər etdiyini, ölkəmizin həmin dövrlə müqayisədə çox dəyişdiyini bildirib: “Azərbaycan çox inkişaf edib, demək olar ki, hər sahədə – tikintidə, sənayedə, yol infrastrukturunda, iqtisadiyyatın müxtəlif sektorlarında geniş quruculuq işləri müşahidə edilir”.

Son xəbərlər
Digər xəbərlər