Albaniya hakimiyyəti ölkədə 2025-ci ilin martında bloklanmış “TikTok” sosial şəbəkəsinə qoyulan qadağanı ləğv edib. Bu barədə “Albanian Daily News” nəşri məlumat yayıb. Bildirilir ki, hökumət Çin şirkəti ilə razılığa gəlib.
Albaniya hakimiyyəti “TikTok”u sosial şəbəkədə başlayan mübahisədən sonra 14 yaşlı yeniyetmənin qətli ilə əlaqədar bloklamışdı. Hökumətin fikrincə, “TikTok” administrasiyası, xüsusilə azyaşlılar arasında zorakılıq və təzyiqin (bullinqin) yayılmasına şərait yaradırdı.
Qadağa ilkin olaraq bir il qüvvədə qalmalı idi. Lakin Albaniyanın baş nazirinin sözlərinə görə, tərəflər indi “şirkətlə müsbət dialoq qurmağa” və “uşaqların müdafiəsini gücləndirən tədbirlər” barədə razılığa nail olublar. Razılaşmaya əsasən, “TikTok” azyaşlıları qorumaq üçün məzmun filtrlərindən istifadə edəcək. Müqavilənin detalları hələ açıqlanmayıb.






