Bu ilin yanvar-oktyabr aylarında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 10,2 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisindən iki dəfə çoxdur.
Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.
“Ticari-iqtisadi əlaqələrimiz inkişaf etməkdə davam edir. Ölkələrimiz arasında qarşılıqlı ticarət yeni rekordlar müəyyən edir. İl hələ başa çatmayıb, ona görə də düşünürəm ki, ilin sonuna qədər göstərici daha da artacaq”, – o qeyd edib.
Baş nazirin müavini əlavə edib ki, Rusiya və Ermənistan ticari-iqtisadi əlaqələrin həyata keçirilməsi üçün demək olar ki, tamamilə milli valyutalarla hesablaşmaya keçib və qarşılıqlı hesablaşmalarda rus rublunun payı 96,3 %-ə çatıb.
Bundan başqa, Rusiya Ermənistanın əsas investorlarından biridir: sənaye layihələrinə sərmayə qoyuluşu 3,4 milyard ABŞ dolları təşkil edib. Ölkədə 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir ki, onların da bir qismi ən böyük vergi ödəyiciləridir.