İflas prosesinə məruz qalmış “Alfa Sığorta” ASC-nin kreditorların müraciət olunub.
Şirkətin yaydığı məlumata istinadən xəbər verilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-4072/2016 saylı qərarı ilə “Alfa Sığorta” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması qərara alınıb. Həmin məhkəmənin 12 oktyabr 2016-cı il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilib.
“Müflisləşmə və iflas haqqında” qanunun 21-ci maddəsinə əsasən, əmlak inzibatçısı təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli, borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycanda nəşr olunan rəsmi dövri mətbuat orqanında azı 7 günlük fasilə ilə iki dəfə elan dərc edilməlidir.
İstinad olunan qanunun 43.2-ci maddəsinə əsasən, kreditorlar borcluya öz tələblərini bu qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Odur ki, iflas prosesində olan “Alfa Sığorta” ASC-yə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın birinci dərcindən 60 təqvim günü ərzində tələblərini şırkətin ləğvedcisinə yazılı şəkildə təqdim etməlidirlər.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri təqdim etməlidirlər.
Qeyd etmək lazımdır ki, “Alfa Sığorta” ASC-nin icbari sığorta müqavilələri və öhdəlikləri qüvvədədir və yaxın müddətdə bu öhdəliklər İcbari Sığorta Bürosuna ötürüləcək.
“Alfa Sığorta” ASC-nin könüllü sığorta müqavilələrinə və təkrarsığorta müqavilələrinə “Müflisləşmə və iflas haqqında” qanunun tələblərinə uyğun xitam verilir.
APA