13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Alğı-satqı əməliyyatları zamanı ƏDV-nin uçotunun hesablanması

Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən, ƏDV-nin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, bu hesaba əsasən satış zamanı istehlakçıların ödədikləri ƏDV məbləğləri daxil olur. Ödəyici bu hesabdan qarşı tərəflərdən aldıqları mal və xidmətlərin ƏDV-sini, idxala görə ƏDV məbləğlərini və büdcəyə olan sair vergi borclarını ödəyə bilər. Hazırda Kommersiya təşkilatları üçün hesablar planında bu hesaba daha çox 224 saylı hesab uyğun gəlir.

ƏDV öhdəliyi – mal və xidmətlərin satışı və Vergi Məcəlləsində nəzərdə tutulan sair hallarda yaranan büdcəyə ödənilməli məbləğdir.

Məcəllənin 175.1-ci maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb edilən əməliyyatlar – Vergi Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuş bəzi əməliyyatlara görə (məsələn, mal və xidmətlərin ixracı) ƏDV-nin hesablanmamasıdır. ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatları olan müəssisələr ƏDV-nin əvəzləşdirilməsi hüququndan tam şəkildə istifadə edə bilirlər.

ƏDV-dən azad olunan əməliyyatlar – VM-nin 164-cü maddəsində nəzərdə tutulmuş bəzi əməliyyatlara görə (məsələn, kənd təsərrüfatı mallarının satışı, buğda və çörəyin satışı və s.) ƏDV-nin hesablanmamasıdır. ƏDV-dən azad olunan əməliyyatları olan müəssisələr ümumi satışının həcmində azad olunan əməliyyatların xüsusi çəkisi nisbətində ƏDV-nin əvəzləşdirilməsi hüququndan məhrum olurlar.

Beləliklə, yuxarıda da qeyd olunduğu kimi ƏDV aşağıdakı iki şəkildə ortaya çıxa bilər:

1. Mal və xidmətlərin alışı və idxalı zamanı əvəzləşdirilən ƏDV kimi;

2. Mal və ya xidmətlərin satışı zamanı isə ƏDV öhdəliyi kimi.

Hər hansı bir müəssisə üçün mal alışı zamanı ortaya çıxan ƏDV “Əvəzləşdirilən ƏDV”, satışı zamanı yaranan ƏDV isə “vergi öhdəliyi” olur. Əvəzləşdirilən ƏDV qısamüddətli alacaq xarakterli aktiv hesabdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə ƏDV-nin əvəzləşdirilməsi, yəni Əvəzləşdirilən ƏDV-nin yaranması yalnız aşağıdakı hallarda mümkün ola bilər:

1. Alğı-satqını və ya işin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən tərəflərin hər ikisi (alıcı və satıcı) də ƏDV ödəyicisi olmalıdır. Yəni əgər bir tərəf ƏDV ödəyicisi, digər tərəf isə sadələşdirilmiş və ya mənfəət (gəlir) vergisi ödəyicisi olarsa, əvəzləşdirmə mümkün olmayacaqdır;

2. Alıcı mal və xidmətləri elektron qaimə-faktura əsasında qəbul etməli və dəyərini də ƏDV ilə birlikdə ödəməlidir. Təhvil-qəbul baş verib, lakin ödəniş baş verməzsə, əvəzləşdirmə hüququ yenə də olmayacaqdır. Bu zaman malgöndərən (xidmət göstərən və ya iş görən) tərəfindən göndərilən elektron qaimə-faktura və alıcının onun depozit hesabına ƏDV-nin köçürülməsini təsdiq edən sənəd əsas götürülməlidir;

3. Elektron qaimə-faktura əsasında alınan mal və xidmətin dəyəri nağdsız qaydada qarşı tərəfin, yəni satıcının bank hesabına, ƏDV məbləği isə onun depozit (vahid xəzinə) hesabına köçürülməlidir. Əks halda, əvəzləşdirmə hüququ olmur. Yəni, əgər ödəyici malın dəyəri ilə birgə ƏDV məbləğini qarşı tərəfin bank hesabına, yaxud kassasına ödəyərsə, bu zaman əvəzləşdirmə hüququndan məhrum olur. Həmçinin, malın dəyərini də satıcının bank hesabına ödəmək əvəzinə nağd qaydada kassasına ödəyərsə, əvəzləşdirmə baş tutmayacaq.

4. Mal və xidmətlərin dəyəri ilə bağlı qabaqcadan avans ödənişi edib, lakin elektron qaimə-faktura əsasında həmin malları və xidmətləri təhvil almazsa, yenə də əvəzləşdirmə hüququ olmayacaqdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, istər elektron qaimə əsasında, istərsə də qaiməsiz avans ödənişləri zamanı mal və xidmətin dəyəri ilə ƏDV eyni gündə ödənilməlidir. Əgər malın dəyəri ilə onun ƏDV məbləği eyni gündə ödənilməzsə, müəssisəni ödənilməyən ƏDV məbləğinin 50%-i məbləğində sanksiya gözləyir.

5. Malların idxalı zamanı gömrükdə ödənilən ƏDV məbləği, istər nağd şəkildə, istərsə də köçürmə yolu ilə baş verərsə, əvəzləşdirmə hüququ yaranır. Əgər mallar gömrükdə qəbul edilərək ƏDV məbləği ödənilməzsə, ödənişin baş tutma tarixinə qədər əvəzləşdirmə mümkün olmayacaq. Bu zaman malların idxalı ilə bağlı gömrük orqanları tərəfindən verilən Yük Gömrük Bəyənnaməsi və ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən sənəd əsas götürülməlidir.

6. Xidmətlərin idxalı zamanı, yəni qeyri-rezident şəxslərdən hər hansı bir xidmətin alınması ilə əlaqədar ödənilən ƏDV məbləğinin də nağd və ya köçürmə yolu ilə ödənilməsindən asılı olmayaraq əvəzləşdirmə hüququ yaranacaqdır. Bu zaman büdcəyə ödənilən ƏDV məbləğini təsdiq edən sənəd ödəmə qaydasından asılı olmayaraq (nağd və ya köçürmə yolu ilə) əsas götürüləcəkdir.

7. Sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan xərclər çəkiləndə ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmçinin, ƏDV-dən azad olunan, yaxud ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV-yə cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş məbləği əvəzləşdirilir;

8. Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakterli olan vergi ödəyicisinin xərcləri bu istiqamətdə çəkilərsə, müvafiq olaraq bu xərclər onun gəlirindən çıxılır və eyni zamanda da əvəzləşdirilməsinə yol verilir.

Nümunə üzərində ƏDV-nin izahı:

Tutaq ki, “Aslan” MMC ticarətlə məşğul olan bir şirkətdir. Şirkətin bank hesabında 3000 manat vəsait var və bu məbləğin hamısı onun nizamnamə kapitalıdır. Bu şirkət “Helium” ASC istehsal müəssisəsindən pulunu 1 ay sonra ödəmək şərti ilə 1000 manat dəyərində mal alıb. Qeyd edək ki, “Aslan” və “Helium” şirkətləri ƏDV ödəyiciləridir. Bu halda “Aslan” MMC-nin alışla bağlı muhasibat yazılışı aşağıdakı kimi olmalıdır.

Tarix

Hesablar

Dt

Kt

1)

205-Mallar (A+)

1000

531-Kreditor borcları (Ö+)

1000

 

2)

162(245)-Təxirəsalınmış ƏDV akivi (A+)

180

531- Kreditorborcları (Ö+)

180

Əməliyyatın T-hesablarda əksi aşağıdakı kimi görünəcək:

Aktivlər

=

Öhdəliklər

+

Kapital

205-Mallar

531-Kreditor borcu

(1)1000

1000 (1)

180 (2)

 

162/245-Təxirə salınmış ƏDV aktivi

(2)180

Son xəbərlər
Oxşar xəbərlər
X