2 C
Baku
Monday, March 4, 2024

Ali məktəblərə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdi üçün qeydiyyat başa çatır

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər bu gün saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılır. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər