12 C
Baku
Saturday, November 23, 2024

Ali Məhkəmə işlərin geri qaytarılması ilə bağlı yeni qayda tətbiq edəcək

Azərbaycan Respublikasının Ali Məhkəməsi aşkarlıq və operativliyin təmin edilməsi, məhkəmələrin iş fəaliyyətinin təkmilləşdirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işləri davam etdirir.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar kassasiya instansiyası məhkəməsi tərəfindən işlərin apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması prosesinin optimallaşdırılması həyata keçirilib.

Belə ki, hal-hazırda kassasiya instansiyası məhkəməsində iş baxıldıqdan sonra apellyasiya instansiyası məhkəməsinə geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsinə geri qaytarılan işlər nəticəsindən asılı olaraq ya yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinin hakiminin icraatına verilir, ya da iş kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin öyrənilməsi və birinci instansiya məhkəməsinə qaytarılması üçün apellyasiya instansiyası məhkəməsində həmin işə baxmış hakimə təqdim edilir.

Optimallaşmanın nəticəsi olaraq 2023-cü il aprelin 1-dən inzibati işlər üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri göndərilən işlər istisna olmaqla, digər məhkəmə işlərinin Ali Məhkəmə tərəfindən fiziki və elektron şəkildə (təxminən 75-80%) apellyasiya instansiyası məhkəməsinə deyil, birbaşa olaraq birinci instansiya məhkəməsinə göndərilməsi təmin ediləcəkdir.

Bu qaydanın tətbiqi vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə, məhkəmə qərarlarının icraya yönəldilməsində operativliyin təmin edilməsinə, dövlət büdcəsi vəsaitinə qənaət edilməsinə (dəftərxana ləvazimatı, poçt rabitəsi və. s), sənəd axınının sürətlənməsinə, apellyasiya instansiya məhkəmələrində iş yükünün azalmasına, eləcə də məlumat təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcəkdir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin apellyasiya instansiya məhkəməsinin hakimləri tərəfindən öyrənilməsi isə “Elektron məhkəmə” informasiya sisteminin imkanları hesabına həyata keçiriləcək.

Həmçinin yuxarıda göstərilən iş qaydasının gələcəkdə mülki və kommersiya işləri üzrə də tətbiq edilməsi məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması istiqamətində müvafiq işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər