9 C
Baku
Thursday, December 12, 2024

Ali Məhkəmə kredit təşkilatı ilə bağlı apellyasiya məhkəməsinin qərarını ləğv edib

“X” bank olmayan kredit təşkilatı ilə “Y” arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq “Y”ə məxsus Bakı şəhərində yerləşən yaşayış evi ipoteka ilə yüklü edilib.

Belə ki, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə faiz borcu, dəbbə pulunun tutulması, tələbin cavabdehə məxsus yaşayış evinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq şəxsin ən geci 1 ay müddətinə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş edib.

İşə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə verilmiş ekspert rəyinə əsasən köçürmə ərizəsinin “birinci imza” qrafasındakı imzada cavabdehin imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunub. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlib ki, pul vəsaiti cavabdehin hesabına köçürülsə də, ona verilməyib, razılığı olmadan yenidən iddiaçıya köçürülüb və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmayıb. Buna görə də, iddia rədd edilib.

Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, yenidən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə verilmiş ekspert rəyinə əsasən “birinci imza” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilib. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Bundan sonra “Y” apellyasiya instansiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edib. Məhkəmənin gəldiyi həmin nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarət olub ki, ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş likvid dəyəri cavabdeh tərəfindən mübahisələndirilib, bununla bağlı məhkəmə prosesində ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün vəsatət verilib. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə qiymət verilməyib.

Daha sonra Ali Məhkəmə qeyd edib ki, kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Baxılan iş üzrə məhkəmə iclasının protokollarında prosessual qanunun qeyd olunan tələbinə müvafiq olaraq fasiləsiz video-audio çəkilişin aparıldığı, kompakt diskin işin materiallarına əlavə ediləcəyi qeyd edilsə də, işin materiallarına belə disk əlavə edilməyib. Elektron işin materiallarından isə apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclaslarının ümumiyyətlə video-audio çəkilişinin aparıldığı müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı kommersiya mübahisəsinə baxılarkən, mülki prosessual qanunun kommersiya mübahisələri üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasına dair imperativ tələbi pozulub. Həmin pozuntu işin hazırkı mərhələsində cavabdehin kassasiya şikayətinin sözügedən dəlilinin qiymətləndirilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsini düzgün tətbiq edib-etməməsinin yoxlanılması imkanını aradan qaldırıb. Göstərilənlərə əsasən, kassasiya instansiya məhkəməsi belə qənaətə gəlib ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə qismən – ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti qismən təmin edilməyib.

Yekun məhkəmə aktına əsasən, Ali Məhkəmənin qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilib, apellyasiya instansiya məhkəməsinin qismən – ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilib və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu xülasə məhkəmə qərarının anlaşılan olmasında yardımçı olmaq məqsədilə tərtib edilib və məhkəmə qərarının tərkib hissəsi olmamaqla, onun qısa mətnini təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər