Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası şəriklik münasibətlərindən yaranan mübahisələrlə bağlı qərar qəbul edib.
Banker.az bunu Ali Məhkəməyə istinadən xəbər verir.
İş üzrə tərəflər 2019–2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. İddiaçı bildirib ki, bütün maliyyəni özü qoyub, cavabdeh isə yalnız mağazanı idarə edib və 50 000 manatın mənimsənildiyini iddia edərək həmin məbləğin ödənilməsini tələb edib. Cavabdeh isə hər iki tərəfin bərabər miqdarda vəsait qoyduğunu, malların sayımının aparıldığını və iddianın əsassız olduğunu bildirib.
Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya məhkəməsi qərarı dəyişmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib. Ali Məhkəmənin mövqeyinə görə, kommersiya münasibətlərində yazılı müqavilə bağlanması məqsədəuyğundur və belə mübahisələrdə sübutetmə standartı yüksəkdir.
Ali Məhkəmə vurğulayıb ki, pul tələb edən tərəf şərikli fəaliyyətin şərtlərini və maliyyəni kimin qoyduğunu sübut etməlidir. Nəticədə kassasiya şikayəti təmin edilib, apellyasiya qərarı ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.






